İran nəşri molla rejiminin “nüfuzlu” tədbirinin iç üzünü açdı

Dünya

“İranda nüfuzlu qadınların beynəlxalq konqresi keçirilib. Görünür, bu, “Qadınlar, həyat, azadlıq” şüarı altında keçirilən hökumət əleyhinə etirazlarla bağlı total təzyiqlərə rejimin cavabı olub”.

Oxu.Az-ın məlumatına görə, bu barədə İranın “Iran International” saytının Tehranda keçirilən tədbirlə bağlı dərc etdiyi məqaləsində bildirilir:

“İrana dost olan müxtəlif dövlətlərin qadınlarının iştirakı ilə cümə günü Tehranda “Nüfuzlu Qadınlar” adlı birinci beynəlxalq konqres keçirilib. İran rejimi iddia edir ki, Burkina-Faso, Qırğızıstan, Serbiya, Qvineya, Niger, Nigeriya, Şri-Lanka, Suriya, Türkmənistan və Ermənistandan olan dövlət və hökumət başçılarının həyat yoldaşları qatılıblar. Tədbirin təşkilatçısı İran prezidentinin həyat yoldaşı Cəmilə Alamolhoda olub. Qeyd edək ki, tədbirdə Livan “Hizbullah”ının liderinin qızı Zeynəb Nəsrullah da iştirak edib.

“Rouydad 24” xəbər saytında bildirilir ki, İran bu tədbirin təşkilində bir sıra kobud səhvlərə yol verib, hətta nüfuzlu qadınların siyahısının hansı əsasla hazırlandığı bəlli deyil. Çünki belə tədbirlərə ərləri məşhur olanlar deyil, ölkə üçün xüsusi bir iş görən qadınları dəvət etmək lazımdır. Üstəlik, bəzi hallarda hətta həmin qadınların ərləri də dünya səhnəsində xüsusi əhəmiyyət kəsb etmir.

Tədbirin aparıcısı çıxışında İbrahim Rəisinin həyat yoldaşını “İranın birinci xanımı” adlandırıb və onun səyləri olmasaydı, bu konqresin mümkün olmayacağını bildirib.

Konqresdə İranın yaxın dostlarının, yəni Çin və Suriyanın birinci xanımlarının, ya da ən azı bu ölkələrdən bir neçə nazir və ya deputatın iştirak edəcəyi gözlənilirdi, lakin görünür, İran Xarici İşlər Nazirliyi respublikanın müttəfiqlərini dəvət edə bilməyib.

“Rouydad 24” saytında vurğulanıb ki, Qətər parlamentinin vitse-spikeri Hamda bint Hassan Al Sulaiti və bəzi Afrika daxili işlər nazirləri istisna olmaqla, heç bir nazir və yüksək rütbəli diplomat tədbirə qatılmayıb.

Qonşu və müsəlman ölkələrinin birinci xanımlarının olmaması İranın qonşuları ilə münasibətlərində böhran olduğunu təsdiqləyir.

Ermənistanın baş nazirinin xanımı konqresə ona görə qatılıb ki, İran hazırda Azərbaycanla soyuq müharibə vəziyyətindədir. Ona görə də onun Tehrana səfəri İslam Respublikasına hörmətdən çox Bakıya və onun müttəfiqi Ankaraya mesaj xarakteri daşıyır.

İranın bir çox tanınmış müxbiri həbsdə olarkən az tanınan rusiyalı jurnalist “Nüfuzlu Qadın” mükafatını alıb. Bu barədə “Rouydad 24” saytının reportajında qeyd olunub.

İranın əl-Mustafa Dini Universitetində təhsil alan Argentina vətəndaşı digər nüfuzlu qadın kimi təqdim edilib.

Əslində bu qurum Qum şəhərində seminariyadır və İran təsirinin digər ölkələrdə yayılmasına xidmət edir. Universitet Çindən Afrikaya, Latın Amerikasına qədər təhsil almağa gələn və sonra öz ölkələrində şiəliyi təbliğ etmək üçün geri qayıdan yüzlərlə xarici tələbənin təhsil haqqını ödəyir.

Konqres katibinin sözlərinə görə, hər bir qalibə 20 min avro mükafat verilib. Əgər konqres təşkilatçılarının bu görüşdə 300 xarici qonağın iştirakı ilə bağlı bəyanatı doğrudursa, o zaman aviabiletlərin, beşulduzlu hoteldə beş günlük gecələmənin və İrana turların qiyməti rejimə böyük məbləğə başa gəlib.

“Sıravi iranlıların üzləşdiyi iqtisadi çətinliklər fonunda heç bir nüfuzu olmayan insanlara çoxlu pul xərcləmək nəzərə alınmalı məsələdir”, – deyə “Rouydad 24” tədbiri tənqid edib.

Reallıq göstərir ki, Rəisi administrasiyası İranın digər ölkələrlə münasibətlərinin yolunda olduğunu, həmçinin BMT-nin Qadınların Vəziyyəti üzrə Komissiyasından çıxarılmasının və digər sanksiyaların ona təsirli olmadığını göstərmək üçün tanınmayan insanları dəvət edib.

Tədbirlə bağlı başqa bir məqam isə gələn qonaqların geyimlərinin 2022-ci ilin sentyabr ayının ortalarından etibarən İran rejimi tərəfindən 500 nəfərdən çox insanın qətlə yetirilməsinə səbəb olan məcburi hicab qaydalarına uyğun olmaması idi. Belə çıxır ki, başqa ölkələrdən olan qadınlar İranda istədiklərini geyinə bilərlər, lakin iranlıların özləri üçün bu hüquq hələ də əlçatmazdır”.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir