Rusiya ilə İran NATO-nun ekspansiya siyasətinə cavab olaraq əməkdaşlığın inkişafı üçün aktivləşdirilə bilən çoxsaylı imkanları nəzərdən keçirir.
Moskva-Tehran cütlüyü Qərbin sanksiyaları altında çiliklənən vitrinlərini alternativ alətlərlə təmir etməyə çalışır.
Xüsusilə enerji sahəsində, ticarətdə vahid valyutaya keçid mövzusunda, “Şimal-Cənub” Nəqliyyat Dəhlizinin şaxələndirilməsi istiqamətində iki ölkə səylərini davam etdirir.
Ancaq Rusiya ilə İranın tərəfdaşlığı, daha doğrusu üzdə görünən müttəfiqlik əlaqələri dərin qatlarda Tehranın strateji aktivlərini çoxalda bilmək bacarığına malik deyil.
Rusiya İranı regionda tarixi rəqib kimi görür, strateji dərinliklərdə Tehranın beynəlxalq cəza sisteminin hədəfinə gətirilməsindən narahatlıq keçirmir. İki ölkənin bir-birinə nəfəsi daha çox iqtisadi sahədə, hərbi-texniki əməkdaşlıqda özünü göstərir, hərçənd ki, genişmiqyaslı strateji müttəfiqlik səviyyəsinə gəlib çıxmır.
Ancaq hər iki ölkə bir-birilə əməkdaşlığa məhkumdur. Bu sfearanı situativ dəyərləndirmələrlə ikili güc formatında inkişaf etdirilməsi onlara hava-su kimi lazımdır.
Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinin bu yaxınlarda Tehrana səfəri hər iki ölkənin xeyrinə olan ən lazımlı cəhətlərin önə çıxarılmasına hesablanmışdı.
Lakin Rusiya-İran mehribanlığı ən azı üç istiqamətdə Tehranın məqsədlərinə xidmət edə biləcək niyyətlər toplusu olmaqdan uzaqdır.
Birincisi:
Moskva ilə Qərbin İranın nüvə proqramına baxış tərzində kəskin fərqlər yoxdur. Çünki:
– Rusiya da İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsi çərçivəsində götürdüyü öhdəliklərə əməl etməsinin,
– Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin İran ərazisində nüvə təftişi aparmasının tərəfdarıdır.
Hərçənd ki, Rusiya İranın nüvə silahı əldə etməsinə yaxınlığını müşayiət edən ballistik raket proqramlarını dəstəkləyir. Bunun səbəbi sadədir: Rusiya Ukraynadakı müharibənin uzanması ssenarilərinə hazırlıq üçün İrandan əlavə silahlar tədarük edərək itkilərini bərpa etməyə çalışır.
İkincisi:
Rusiya İranın İsrailə düşmən mövqeyinə baxmayaraq, Təl-Əvivlə münasibətlərin hərarətini isti saxlayır. Hətta Yaxın Şərq regionunda Rusiya ilə İsrailin açıq-gizli əməkdaşlıq təcrübəsi özünü qabarıq göstərir və Moskva Tehranın qısqanclıq hisslərinə biganə qalır.
Üçüncüsü:
İranın Azərbaycana və Türkiyəyə hədə tonundakı mesajları Rusiyanın meylini çəkmir, ona görə ki, Moskva Bakı-Ankara strateji müttəfiqlik tandemini özü üçün daha uyğun format kimi dəyərləndirir. Rusiyanın yanaşmasının tərifini “Türkiyə ilə daha çox iş görmək olar, nəinki İranla” fikri ilə təsvir etmək olar. Azərbaycan-Rusiya-İran əməkdaşlığına gəlincə, bu, yalnız iqtisadi-ticarət qovşaqlarında özünü büruzə verir. “Şimal-Cənub” Dəhlizini canlı saxlamaq cəhdləri elə Bakının da iqtisadi-strateji maraqlarına cavab verir.
Amma Rusiya qarşıda duran daxili və xarici çağırışlardan dolayı İrana qarşı rəqabət müstəvisini arxa plana ataraq dişlərini sıxmaq məcburiyyəti ilə üzləşib.
Hərçənd ki, Rusiya gec-tez İranla bağlı cari vəziyyətdəkindən də üstün səviyyədə nəhəng planların icra ediləcəyini anlamaqda çətinlik çəkmir. Rusiyanın dərrakəsində belə bir fikir də möhkəm otura bilər ki, o, onsuz da ABŞ-İsrail-Britaniya üçbucağında İrana qarşı tətbiq ediləcək proqramların qarşısını almaqda acizdir.
Buradan belə nəticə çıxır ki, Rusiyanın İranla əməkdaşlığının parametrləri Tehranın qorunması ssenarilərini özündə ehtiva etmir. Moskva sadəcə olaraq regionda baş verə biləcək ən təhlükəli proseslərin özünə ziyan gətirməməsinə çalışır.
Ona görə də Volodin Rusiya və İranın NATO-nun genişlənməsinə qarşı birgə mübarizənin regional fəzilətləri barədə bəyanatlar səsləndirir. Bununla da göstərir ki, Rusiya ilə İranın NATO-nun böyüməsinə qarşı yeni işlənilmiş birgə fəaliyyət planları mövcuddur.
Ancaq NATO-nun beynəlxalq siyasi orbitdəki yerdəyişmə etmək qabiliyyəti daha yüksəkdir və o, bu prosesə Avropa İttifaqını da qoşmaqla ekspansiyasını şiddətləndirir.
Hərçənd ki, Avropa İttifaqı ABŞ və Böyük Britaniyadan fərqli olaraq İranla gərginləşən xəttə üstünlük verməkdən çəkinir və Tehranla iqtisadi-ticari əlaqələrin ruhunu nəzərə almağın vacibliyini başa düşür.
Avropa İttifaqının İrana qarşı sanksiyalarının motivi İranın strateji çöküşünü izləmək məqsədləri daşımaya bilər. Lakin ABŞ və Britaniyanın İttifaqa təsiretmə gücü onu Vaşinqton-London mühərrikinin sərt cəhətlərinə qoşur.
Aİ bu yaxınlarda Britaniya ilə birgə İrana qarşı sanksiyalar paketini genişləndirdi, bu, azmış kimi, hələ SEPAH-ın da terror təşkilatı kimi tanınmasına yaxınlaşdı.
Lakin məsələ o qədər də asan deyil, davam edən Rusiya-Ukrayna müharibəsi Aİ-nin təhlükəsizlik mühitini zədələyir və SEPAH-ın terror təşkilatı kimi tanınması qoca qitə üçün əlavə risk idi.
Bu risk İranın artan terror təhdidləri ilə əlaqəlidir, Aİ Tehranın dağıdıcılıq potensialını nəzərə alaraq SEPAH-la bağlı qərarından vaz keçdi. Aİ-nin bu iradəsizliyi İranı özünün qüdrətli ölkə olması haqqındakı nağıllarına yeni elementlər verir.
Aİ-nin ehtiyatlı davranışına rəğmən, İran fitnə salmaq sevdasını ürəklə bəyan etməkdən çəkinmir. Məsələnin məğzi belədir ki, İran Qərb ölkələrindəki kəşfiyyat-pozuculuq fəaliyyətində yeni səhifələr yazmaq niyyətindədir.
PROQNOZLAR:
Rusiya ilə İranın hərbi-texniki əməkdaşlıqda yeni silah alqı-satqısı reallaşa bilər.
Rusiya İrandan aldığı yeni silahları Ukrayna cəbhəsində tətbiq etməkdə çox maraqlıdır və mümkündür ki, bunun müqabilində Tehrana hansısa təhlükəsizlik zəmanətləri də verəcək.
Amma Rusiyanın bu zəmanətləri nəzəri olaraq qalacaq və Moskva Tehrana qarşı beynəlxalq dişqıcama kampaniyasında İranı tək buraxacaq.
Aqşin Kərimov
www.102info.az