Amerikalı əfsanəvi müğənni, bəstəkar Barrett Stronq 81 yaşında vəfat edib.
Bu barədə “Motown Records” səsyazma şirkətinin muzeyi özünün “Twitter” hesabında xəbər verib.
“Motown Records”un ilk hit müğənnisi, əfsanəvi müğənni-bəstəkar Barrett Stronqun vəfatını dərin kədər hissi ilə bildiririk”, – deyə məlumatda deyilib.
Qeyd edək ki, Stronq yaradıcılıq karyerasına 1959-cu ildə Berri Qordinin “Tamla Records” leyblində (indiki “Motown Records”) başlayıb. Həmin ilin sonunda o sonradan rok klassikinə çevrilən “Money”ni (“That’s What I Want”) yazıb. ABŞ-də böyük hitə çevrilən bu mahnı “The Beatles” və “The Rolling Stones” kimi qruplar tərəfindən də ifa edilib.
2011-ci ildə “Rolling Stone” jurnalı mahnını bütün zamanların ən yaxşı 500 mahnısı siyahısında 294-cü sırada yerləşdirib.
Bundan əlavə, Stronq bəstəkar kimi də tanınıb. O, 1961-ci ildə Eddi Hollandın “Jamie” hitini yazıb, 1966-1973-cü illərdə Norman Uitfildlə mahnılar bəstələyib.
1973-cü ildə Barrett Stronq yenidən müğənnilik karyerasına qayıdıb.
Onun sonrakı nisbətən uğurlu mahnıları siyahısına “Stand Up and Cheer for the Preacher” və “Is It True” daxildir.



www.102info.az