İran prezidenti diplomatları girov saxlamışdı….

Dünya

Qan Turalı yazır…

Azərbaycanın İrandakı səfərliyinə silahlı hücum bir çox məqamları ilə geniş qəzəb, nifrət, mübahisə doğuran bir hadisədir. XİN-in açıqlamasında deyildiyi kimi, münasibətlərin “mürəkkəb vaxtında” törədilən bu hadisə bizim yadımıza bir Molla Nəsrəddin lətifəsini salır. “Üzrü günahından betər” lətifəsini…

Hər şeydən əvvəl qeyd edək ki, hadisənin məsuliyyəti tamamilə İran üzərinə düşür. 1961-ci ildə imzalanmış “Diplomatik əlaqələr haqqında Vyana Konvensiyası”nın II bəndi əlavə polemika üçün yer qoymur: “Nümayəndəliyi hər cür hücumlardan və zərər vurulmasından qorumaq və nümayəndəliyin sakitliyinin pozulmasının və ya şərəfinin təhqir olunmasının qarşısını almaq üçün lazımi tədbirlər görmək yerləşmə dövlətinin xüsusi vəzifəsidir”.

Dünyanın 193 ölkəsinin tərəfdar çıxdığı bu beynəlxalq konvensiyanı imzalayan ölkələrdən biri də İrandır. Ancaq İran rəsmilərinin silahlı hücum aktı qeydə alındıqdan sonrakı davranışları dərin bir heyrət doğurur. 

Hadisə yerinə gələn Tehranın polis rəisi general Hüseyn Rəhimi hadisənin ailə münaqişəsi zəminində baş verdiyini bəyan etdi. Hər şeydən qabaq hadisə yerində cinayətin motivi haqqında açıqlama vermək nadanlığın təzahürüdür. Çünki dəlil və sübutlar toplanılmadan, cinayətkarın əlaqələri araşdırılmadan, ifadələr alınmadan bu cür bəyanat verilməsi heç bir hüquqi əndazəyə sığmır. 

Cinayət törətmiş şəxsin kamera qarşısına çıxardılması da o cür… Ömrü boyu bir detektiv filmə baxmış adam da bilir ki, şəxsi münaqişə zəminində törədilmiş cinayətin cəzası terrorçuluğa nisbətən xeyli azdır və cinayətkarın bu motivə sığınması tamamilə başadüşüləndir. Ancaq İran mediasının, ümumən İran rejiminin əsas marağı hadisənin üstünün ört-basdır edilməsindən ibarətdir. 

Xoşbəxtlikdən, cinayət hadisəsi Azərbaycan səfirliyinin kameraları tərəfindən qeydə alınıb və bu görüntülər heç bir halda İran tərəfinin rəsmi mövqeyi ilə üst-üstə düşmür. Bu barədə çoxlu təhlillər aparılıb. Ancaq bir məqamı da qeyd etmək gərəkdir. 

Cinayətkar səfirliyin qapısına ağır çəkiclə zərbələr endirdiyi, saat 08:26-da bir nəfər “Molotov kokteyli” ilə səfirliyin xidməti maşınını yandırmaq istəyərkən görünür. Ancaq bacarıqsızlığından özünü yandırır və qaçaraq hadisə yerindən uzaqlaşır. Bəs bu şəxs kim idi? O da arvad axtarışına çıxmışdı? Bu məqamın özü də hadisənin heç də iddia edildiyi kimi şəxsi münaqişə zəminində yox qabaqcadan planlaşdırılmaqla mütəşəkkil qaydada törədildiyini göstərir. 

Ancaq İran XİN sözçüsü Nəsir Kənani belə danışır: “Müvafiq qurumların apardığı ibtidai istintaq nəticəsində silahlı hücumun şəxsi münaqişə zəminində olduğu müəyyən edilib”. Yuxarıda qeyd edildiyi kimi, hər nə motiv olursa olsun səfirlik binasının mühafizəsi yerli hökumətin borcudur. Ancaq cinayətin sadə bir motivlə baş vermədiyi də göz qarşısındadır. 

İran hökuməti ilk mərhələdə anlamasa da vəziyyətin İranın dünya siyasətindən izolyasiyasını artıracağı mübahisə doğurmur. Söhbət İranda fəaliyyət göstərən xarici diplomatik missiya üzvlərinin təhlükəsizliyindən gedir.

Terror aktının üstünün açılması üçün İran tərəfi Azərbaycan Respublikası hüquq-mühafizə orqanlarının istintaq prosesində iştirakını təmin etməlidir. İstintaq prosesinin bütün mərhələlərində Azərbaycan tərəfi məlumatlandırılmalıdır. Ancaq bu yolla İran hökuməti məsuliyyəti öz üzərindən götürə bilər. Bu isə heç ağlabatan görünmür. Çünki cinayətin elə ilk saatından cinayətin üstünün örtülməsi istiqamətində sistematik bir iş gedir. 

Söhbət 444 gün ABŞ diplomatlarını girov saxlayan bir ölkədən gedir. Həmin hadisənin icraçılarından  biri sonradan İranın prezidenti oldu. Söhbət Mahmud Əhmədinejatdan gedir.

İranın regional və qlobal sülhə ən böyük təhlükə olduğu hər gün daha çox aydın olur. 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir