“İranda iqtisadi vəziyyət, sadəcə dəhşətlidir, qadınlar isə hicablarını çıxarmağa davam edirlər” – MÜSAHİBƏ

Dünya

Ötən həftənin sonlarında İranın ali dini lideri Ayətullah Əli Xamenei iranlı qızların həyatlarında ilk dəfə taxdıqları və sonradan onlar üçün məcburi olacaq hicabtaxma mərasimində iştirak edib. Bu, İranda 9 yaşına çatmış bütün qızlar üçün məcburi tədbir hesab olunur. Bir qədər əvvəl İran prezidenti İbrahim Rəisi hicabın dinin və qanunun tələbi olduğunu bildirib.

Göründüyü kimi, İran hakimiyyəti heç bir güzəştə getmir və İranda məhz qadınların məcburi baş örtüyü taxması səbəbindən 2022-ci il sentyabr ayının ortalarında etirazlar başlayıb. O zaman 22 yaşlı Məhsa Əmini adlı qız “hicabın düzgün geyinilməməsi” səbəbindən əxlaq polisi tərəfindən döyülməsi nəticəsində dünyasını dəyişib.

Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, İran üzrə ekspert Lana Ravandi-Fədai Oxu.Az-la söhbətində İranda daha mühafizəkar cərəyanın (ultra-mühafizəkarlar adlanırlar) iqtidarda olmasına görə heç də güzəştə getməyən rəsmi Tehranın sərtliyini açıqlayıb:

– Onlar hərfi mənada şəriətə riayət olunmasının tərəfdarıdırlar və hesab edirlər ki, bütün əhalini, o cümlədən qeyri-dindarları ictimai yerlərdə əsas İslam hökmlərinə əməl etməyə – ilk növbədə, İslami tərzdə geyimləri geyinməyə məcbur etmək lazımdır. Onlar hicaba etirazları islamın öz əsaslarına etiraz kimi qəbul edirlər, ona görə də onların məntiqinə görə, bu tələblərə əhəmiyyət verilməməlidir, əks halda bu, “günahkarlara” güzəşt olardı. Ultra-mühafizəkarların gəldiyi nəticə ondan ibarətdir ki, hər hansı yumşaldılmaya yol verməmək və bu şəriət hökmünə uyğun İslami tərzdə geyimi tətbiq etmək üçün siyasət daha da sərtləşdirilməlidir. Bu, İranda iqtisadi vəziyyətin dəhşətli olmasına, etirazların beş aya yaxındır davam etməsinə və qadınların hicablarını çıxarmağa davam etməsinə baxmayaraq baş verir.

İndi İranda hicab geyinmək qaydalarını pozanların müşahidə kameraları vasitəsilə tanınması, daha sonra cərimələnməsi və cərimə ödənilənə qədər milli kartların (şəxsiyyət vəsiqəsi) bloklanması planlaşdırılır. Yəni ənənəvi İslam əmrlərinə əməl etmək üçün hətta müasir texnologiyalardan da istifadə olunur. İndiki ultra-mühafizəkar hökumət isə bundan sonra da israrlı olacaq.

– Etirazlar fonunda bu yaxınlarda İrana dron zərbələri endirildi. ABŞ və İsrail İranın nüvə proqramının inkişafına imkan verməyəcəklərini açıq şəkildə bəyan edib. Sizcə, İran hədəflərinə zərbələrin davam etdirilməsi ehtimalı böyükdür və bütün bunlar böyük müharibəyə apara bilərmi?

– İran hədəflərinə zərbələrin davam etdirilməsi ehtimalı az olsa da, nəzəri cəhətdən mümkündür. Görünən odur ki, hücumların arxasında İsrail dayanır (onlar bu məlumatı təsdiq və ya təkzib etmirlər – red.), İsrail isə çox hallarda başqa ölkələrə qəfil və birdəfəlik zərbələr endirir. Növbəti zərbələr baş versə də, onların yanvarın 29-da baş vermiş dağıntıları aşması ehtimalı azdır.

Münaqişənin böyük müharibəyə çevrilməsi ehtimalı azdır: Qərb Ukrayna hadisələri ilə məşğuldur və çətin ki, İrana hücum edə. Elə bəzi İran rəsmilərinin yəhudi dövlətinin məhv edilməsinin zəruriliyi ilə bağlı yüksək səslə səsləndirdiyi fikirlərə baxmayaraq, İran özü də İsrailin hərəkətlərinə çox ehtiyatla cavab verir.

İran əsasən dolayı yolla hərəkət edir: İsraillə müharibə aparan “Hizbullah” və “Həmas”a silah verir, amma praktiki olaraq birbaşa cavab vermir. Hətta Suriyada SEPAH zabitləri İsrail tərəfindən öldürdükdən sonra (hansı ki, SEPAH İranın siyasi sistemi üçün son dərəcə vacibdir), heç bir cavab verilmədi. İran son dron hücumlarına hələ də cavab verməyib. İranın siyasəti Suriyanın müttəfiqi Bəşər Əsəd hakimiyyətinin hərəkətlərinə bənzəyir, o da həmçinin İsrailin Suriya ərazisinə hücumlarına mütləq “uyğun zamanda və lazımi yerdə” cavab verəcəyini deyir, amma bu uyğun zaman heç gəlib çıxmır.

Nair Əliyev

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir