“Ölkəmizin etdiyi dəstək Türkiyə cəmiyyətində qardaş yardımı kimi qiymətləndirilir” – FOTO

Dünya

“Türkiyədə baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı Azərbaycan Respublikasının yardımı qardaşlıq münasibətlərinin növbəti sübutudur”.

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı İmamverdi İsmayılov bildirib.

Onun sözlərinə görə, Azərbaycan cəmiyyətində Türkiyə xalqına böyük dəstək var:

“Bir neçə gün əvvəl Türkiyədə zəlzələ baş verdikdən dərhal sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana, eyni zamanda, Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqına başsağlığı verib”.

Deputat qeyd edib ki, Prezidentimiz bu ağır məqamda Azərbaycanın Türkiyəyə hər cür yardım göstərməyə hazır olduğunu bildirib:

“Təbii ki, dövlət başçısının tapşırığına əsasən, baş vermiş faciənin nəticələrinin aradan qaldırılması ilə əlaqədar Azərbaycandan Türkiyəyə genişmiqyaslı yardıma başlanılıb. Güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) çevik xilasetmə qüvvələri oraya göndərilib.

Eyni zamanda, müxtəlif ləvazimatlar, çadırlar yollanılıb. İnsanlar da yardım kampaniyası başladıblar və hər kəs dəstək göstərir. Biz qardaş dövlətik və Azərbaycan ən tez reaksiya verən, köməklik göstərən dövlətlərdən oldu. Ölkəmizin etdiyi dəstək Türkiyə cəmiyyətində qardaş yardımı kimi qiymətləndirilir. Azərbaycanın qardaş ölkəyə hazırkı dəstəyi mənəvi əhəmiyyət kəsb edir. Bu dəstək iki ölkənin qardaşlığının, dostluğunun növbəti rəmzidir”.

Qeyd edək ki, fevralın 6-da Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə FHN-in 420 nəfər şəxsi heyəti qardaş ölkəyə göndərilib.

Eyni zamanda, ötən gün Türkiyəyə iki təyyarə yola salınıb. Təyyarədə FHN-in tibbi avadanlıq və ləvazimatlarla təchiz olunmuş mobil səhra hospitalı da olub. Hospital dörd funksional bölmədən – qəbul-çeşidləmə, laboratoriya, cərrahiyyə və intensiv terapiya bölməsindən, üç köməkçi konteynerdən və üç hava ilə doldurulan moduldan ibarət olmaqla ən ağır yaralı və xəstələrin müayinə, əməliyyat və müalicəsi üçün müvafiq şəraitlə təmin olunub.

Mobil səhra hospitalında FHN-in peşəkar tibbi heyəti xidmət aparacaq. Ötən gecə saatlarında da əlavə humanitar yardım üçün maşın karvanı və təyyarə Türkiyəyə yollanıb.

Xatırladaq ki, fevralın 6-da səhər saatlarından Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda 7,7 və Elbistan ərazisində baş verən 7,6 bal gücündə iki zəlzələ nəticəsində 8 574 nəfər həyatını itirib, 49 133 nəfər yaralanıb.

İlhamə Əbülfət

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir