Dünyanın ali futbol qurumu FIFA futbolda bəzi yeni qərarlar verməyə hazırlaşır.
“Marca”nın xəbərinə görə, təklif qurumun rəhbəri Canni İnfantinodan gəlib və bu həftəsonu IFAB-ın (Beynəlxalq Futbol Assosiasiyaları Şurası) Londonda keçiriləcək iclasında müzakirə olunacaq.
FIFA oyun vaxtının daha yaxşı tənzimlənməsinə çalışır. Yaxın gələcəkdə oyunçuların qol sevincini yaşamaları da nəzərə alınacaq və əsas vaxta əlavə ediləcək. Mənbənin iddiasına görə, futbolun “təmiz vaxt” prinsipi ilə oynanması da çox uzaqda deyil. Proses buna gedir və reallaşacağı təqdirdə, futzaldakı kimi, yalnız topun oyunda olduğu müddət ərzində vaxt gedəcək.
FIFA daha əvvəl 2022-ci ildə keçirilən dünya çempionatı zamanı hakimlərə əlavə vaxtla bağlı daha diqqətli olmağı tapşırmış, bu isə oyunlara 9-10 dəqiqə əlavə edilməsi ilə nəticələnmişdi.
Qurumun etmək istədiyi növbəti dəyişiklik oyundankənar vəziyyətlə bağlıdır. Ofsaydla əlaqədar bir sıra yeniliklər təklif olunur. Onlardan ən radikalı hücum edən tərəfə üstünlüyün verilməsinin nəzərdə tutulduğu dəyişiklikdir. Belə ki, əgər təklif qəbul olunsa, hücumda olan komanda oyunçusu rəqiblə eyni xətdədirsə, bədəninin qol vura biləcək hər hansı hissəsinin öndə olması ofsayd qərarı üçün əsas hesab edilməyəcək.
Mövcud qaydaya görə, iki oyunçu eyni xətt üzərində olanda hücum edən tərəfin qol vura biləcəyi hər hansı bədən üzvü, məsələn, çiyni irəlidədirsə, ofsayd qərarı verilir. Bu isə bir çox hallarda narazılıqla qarşılanır.
Daha bir dəyişiklik isə penaltilərlə bağlıdır və qapıçıların rəqibə təsirini azaltmağa hesablanıb. FIFA qolkiperlərin vaxtı uzatmamaları üçün dirəklərə, tirə toxunmaq kimi rituallarını qadağan etmək niyyətindədir.
www.102info.az