Yeni Kaledoniyanın azadlıq mübarizləri Bakıdan dünyaya çağırış edib: “Müstəqilliyimizi tanıyın” – FOTO

Dünya

“Yeni Kaledoniya xalqı Fransanın müstəmləkəçilik zülmündən xilas olacağı günü səbirsizliklə gözləyir”.

“Report” xəbər verir ki, bunu Yeni Kaledoniyanın xarici məsələlər üzrə daimi müvəkkili Mikael Forrest AzTV-yə müsahibəsində deyib.

Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə iştirak etmək üçün Bakıda səfərdə olan M.Forrest vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin tədbirdəki çıxışı onlar üçün çox pozitiv mesaj olub.

Daimi müvəkkil söyləyib ki, Yeni Kaledoniya xalqı onillərdir Fransa müstəmləkəsindən azad olmaq üçün mübarizə aparır.

“Biz Fransaya qarşı apardığımız azadlıq mübarizəsində Bandunq prinsiplərinə uyğun olaraq suverenlik hüququmuzun dəstəklənməsini istəyirik. Hesab edirik ki, illərdir xalqımızın hüquqları pozulub. Fransa və onun müstəmləkəçi siyasəti ilə bağlı bir sıra problemləri Bakı platformasından dünyaya çatdırmağı vacib sayırıq. Ərazi bütövlüyümüz və suverenliyimiz ilə bağlı yaranan maneələr aradan qaldırılmalıdır. Xalqımızın adından çıxış edərək bütün dünyaya Fransanın bizə yaşatdığı məhrumiyyətləri çatdırıram”, – M.Forrest deyib.

Onun fikrincə, Fransa rəhbərliyinin qardaşlıqdan, xalqların dostluğundan danışması paradoksal haldır və reallıqdan çox uzaqdır.

Yeni kaledoniyalı diplomat buna nümunə kimi Fransanın Əlcazairdə törətdiyi soyqırımlarını göstərir.

M.Forrest söyləyib ki, ən azından Fransanın Əlcazairdə və digər ərazilərdə yaşayan xalqlara qarşı törətdiyi qırğınları unutmaq olmaz:

“Rəsmi Paris müasir dönəmdə də neokolonolist siyasətini davam etdirir. Azərbaycan Prezidenti də çıxışında açıq şəkildə Fransa hökumətini Yeni Kaledoniya xalqının və Fransanın dənizaşırı icma və ərazilərindəki digər xalqların hüquqlarına hörmət etməyə çağırdı. Dövlət başçısı bu ərazilərdə yaşanan ağır vəziyyəti beynəlxalq tribunadan dünya ictimaiyyətinə çatdırdı. Ümidvarıq ki, Azərbaycan dövləti bizim haqlı mövqeyimizi sonadək müdafiə edəcək və beynəlxalq ictimaiyyətdən də bu məsələdə gözləntilərimiz böyükdür”.

Ölkəsinin tarixindən danışan diplomat qeyd edib ki, Yeni Kaledoniya 1986-cı ildən BMT-nin qeydiyyatından keçmiş ölkələrdən biridir:

“Bu təsisat tərəfindən açıq formada qeyd olunub ki, Fransa müstəmləkəçiliyinə son qoyulmalıdır. Bakı platformasından haqq səsimizi çatdırırıq və Fransaya qarşı beynəlxalq təzyiqlərin artacağına ümid edirik. Yeni Kaledoniya xalqı müstəmləkəçilik zülmündən xilas olacağı günü səbrsizliklə gözləyir”.

M.Forrest bütün dünyanı Yeni Kaledoniyanın azadlıq mübarizəsinə dəstək verməyə çağırıb.

O deyib ki, müstəmləkəçiliyə qarşı təkcə bir dövlət deyil, bütün beynəlxalq birlik mübarizə aparmalıdır:

“Biz Azərbaycanda bir neçə dəfə səfərdə olmuşuq. Eyni zamanda ABŞ-nin Nyu-York ştatında da Azərbaycan nümayəndə heyəti ilə görüşlərimiz olub. Görüşlərimiz zamanı yaşadığımız problemlər barədə ətraflı məlumat vermişik. Hazırda Sakit okeanın cənub-şərqində hansı proseslərin getdiyi də hamıya məlumdur. Təəssüflər olsun ki, hazırda bizim Fransa müstəmləkəçiliyinə qarşı fəal mübarizə aparmaq üçün nə iqtisadi, nə də ki hərbi gücümüz yoxdur.

Yeni Kaledoniya xalqı olaraq qlobal təşəbbüslərin müəllifi olan və Qoşulmama Hərəkatına uğurla sədrlik edən Azərbaycanın bu quruma sədrliyi dövründə üzləşdiyimiz problemin həlli istiqamətində mühüm irəliləyişə nail olunub”.

Qeyd edək ki, Yeni Kaledoniya artıq 50 ilə yaxındır ki, müstəmləkədən azad olmaq, tam suveren olmaq, öz müqəddəratını təyin etmək arzusunu ifadə etsə də, Fransa bu arzunu boğur. Digər ölkələrdə separatçıları, cinayətkar rejimi dəstəkləyən Paris özünün müstəmləkəsində olan və müstəqillik arzusu ilə yaşayan kaledoniyalıları əsarətdə saxlamaqda davam edir.

1998-ci ildə imzalanmış Numea sazişinə görə Yeni Kaledoniya müstəqilliyinə qovuşmaq üçün 3 referendum keçirməlidir. Fransadan 17 min kilometrə qədər uzaqda yerləşən və onun dənizaşırı ərazisi hesab edilən Yeni Kaledoniyanın müstəmləkədən çıxması üçün kaledoniyalılar 2021-ci ilin dekabrın 12-də 3-cü və sonuncu referendumu keçiriblər. Xalq müstəqilliyə səs verib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir