“Afrikanın şərqində və cənubundakı 11 ölkədə vəba epidemiyası sürətlə yayılır”.
Bu barədə BMT-nin Uşaq Fondunun (UNICEF) Şərqi və Cənubi Afrikadakı regional ofisinin rəhbərinin müavini Lieke van de Vil xəbərdarlıq edib.
Onun sözlərinə görə, son 13 ayda təxminən 68 000 yoluxma və 1 800 ölüm qeydə alınıb. Bununla belə, bir çox hallar barədə məlumat verilmədiyi üçün yoluxanların sayının dəfələrlə artıq olması ehtimalı var.
Lieke van de Vil epidemiyanın sürətlə yayılmasının çirkli su və sanitariya, davam edən münaqişə və zəif səhiyyə sistemləri ilə əlaqəli olduğunu deyib. O, həmçinin regionda son aylarda ekstremal hava hadisələrinin vəziyyəti daha da gərginləşdirdiyini vurğulayıb.
UNICEF-in məlumatına görə, Malavi hələ də bir il əvvəl ölkəni vuran tropik “Ana” və “Qombe” qasırğalarından özünə gəlməyib. Mozambik və Madaqaskarda isə fevral ayından bəri ciddi dağıntılara səbəb olan və 27 qurbanla nəticələnən “Freddi” siklonunun bir neçə gün ərzində yenidən qayıdacağı proqnozlaşdırılıb.
Mənbə: Afisha Daily
www.102info.az