Rusiya ordusu tərəfindən ötən ilin mart ayında zəbt edilən Ukraynanın Xerson şəhəri və vilayətin bir neçə kəndi noyabrın sonunda azad edildi. Hazırda Xerson vilayətində cəbhə xətti Dnepr çayı üzərindən keçir, azad edilmiş ərazilər mütəmadi olaraq atəşə məruz qalır.
“Report”un Şərqi Avropa bürosu vilayətdən reportaj hazırlayıb.
Xerson sakini Svetlana Xristenko “Report”a bildirib ki, hazırda atəş altında yaşayırlar:
“Mən düşmənin müşahidə edə bildiyi ərazidə yaşayıram… Sülh, tez bir zamanda əldə ediləcək qələbə, qurbanların olmamasını, düşmənlərin cəzalandırılmasını arzulayıram. Elə indi rusiyalı hərbçilərin dayandığı çayın sol sahilindən bizim istiqamət atəşə tutuldu. Bura hər gün atəşə tutulur. Rusiyalı snayperlər də çayın sol sahilindəki bağ evlərindədirlər. Qəsəbə ilə körpü arasındakı ərazidə çox sayda mülki şəxs öldürülüb”.
Xerson sakini, Dneprin düz sahilində yaşayan İrina Hoyka isə bildirir ki, Rusiya hərbçiləri cəmi 400-500 metr məsafədədirlər:
“Bu ərazi ötən il noyabrda işğaldan azad edilib. Amma sol sahilə çəkilən rusiyalılar bizə imkan vermirlər, hər gün atəşə tuturlar. Bu gün düz 14 dəfə atəşə tutdular. Minaatanlardan daha çox atırlar. Biz bütün bu vaxtı zirzəmidə oturduq. Sakitləşəndən sonra çıxdıq ki, bizim həyəti, qonşunun evini dağıdıblar. Xoşbəxtlikdən, yaralananlar və ölənlər olmadı. Bu duruma görə burada cəmi iki-üç evdə sakinlər qalıblar, qalanları gediblər. Çünki burada yaşamaq dəhşətlidir. Biz gedə bilmirik, itlərimiz, digər qapı heyvanlarımız var burada”, – deyə o əlavə edib.
Şəhərdən kənarlaşıb cəbhə xəttinə paralel yerləşən azad edilmiş kəndlər istiqamətinə yola düşürük. Yolboyu Rusiya ordusunun qoyub çəkildiyi müxtəlif səyyar qərargahlar rastımıza çıxır. Burada Ukrayna Silahlı Qüvvələrinin aerokəşfiyyat hissəsinin əməliyyatına şahidlik etmək fürsəti əldə edirik. Bu, 500 metrdən bir kilometrə qədər məsafədə yerləşən Rusiya ordusuna məxsus artilleriya qurğuları və birliklərinin aşkara çıxarılaraq məhv edilməsi əməliyyatıdır. Ukraynalı hərbçilərdən biri bildirir ki, qarşı tərəfin bir neçə artilleriya atəş nöqtəsini aşkarlayıblar:
“İndi bizim artilleriya hazırlaşır ki, onları məhv etsin. Buna qədər də bu xətt üzrə onların bir neçə artilleriya qurğularını aşkarlayıb məhv etmişik. Fəaliyyətimiz çox aktivdir. Düşmənin həssas nöqtəsini aşkarlayırıq, məhv edirik”, – deyə o əlavə edib.
www.102info.az