Hatayda yaşayan və anesteziya texniki kimi çalışan Yusuf Ökten adlı gənc fevralın 6-da baş verən zəlzələdən sağ çıxıb.
Öktenin ailəsindən də heç kim ölməyib. Yaşadıqları evdə bir cızıq belə olmayıb. Onun yaşadığı rayonda zəlzələdə Ökten soyadlı heç kim həyatını itirməyib. Buna baxmayaraq, Yusuf Ökten zəlzələ günü rəsmi olaraq “ölü” kimi qeydə alınıb. Ökten indi zəlzələdə ölmədiyini sübut etməyə çalışır.
Yusuf Ökten zəlzələdən təxminən bir ay sonra Muğlaya nişanlısının yanına gedib. Aptekdən dərman aldığı zaman Türkiyə şəxsiyyət nömrəsi sistemə daxil edilərkən qeydlərdə ölü olaraq görünüb. Sistemdə Öktenin ölüm tarixi isə 6 fevral göstərilib.
Ökten əhali qeydiyyatı idarəsinə müraciət edib, lakin orada da qeydlərdə ölmüş olaraq göründüyü bildirilib. Bu halda o, prokurorluğa baş vurub və ölmədiyi barədə ifadə verib, bu səhvin düzəldilməsini istəyib. Yusuf Ökten bununla bağlı çox əziyyət çəkdiyini qeyd edib.
“Aptekdən dərman almaq üçün içəri girdim. Şəxsiyyət nömrəmi verdim. Aptek işçisi mənə – “Bəy, siz ölüsünüz”, – dedi. Şok oldum… Sonra əhali qeydiyyatı idarəsinə getdim. Orada da mənə – “Sən öldürülmüsən”, – dedilər. Ölümün səbəbi isə zəlzələdir. Sığortam ləğv edilib. Atamın hesabından daxil oldum, “Uşaqları” bölməsində mənim ölüm tarixim 06 fevral 2023-cü il göstərilib”, – deyə o bildirib.
“Hətta dəfn üçün hazırlıq belə görüblər. Məgər mən bir aydır ölmüşəm. Hesablarım bağlanıb. İndi mən sağ olduğumu sübut etmək üçün dəlillər toplayıram. Nişanlıyam, tezliklə nikaha girəcəyəm, amma bu səhv düzəldilməzsə, nikah prosedurları da baş tutmayacaq. Bu problemin aradan qaldırılmasını istəyirəm”, – deyə Yusuf narazılığını dilə gətirib.
Mənbə: Hürriyet
www.102info.az