Ötən cümə günü Pekindən yayılan bir xəbər beynəlxalq aləmdə geniş rezonansa səbəb olub, hətta bəzi media orqanlarının vurğuladığı kimi, partlayan bomba effekti doğurub.
Məlum oldu ki, Çinin paytaxtında dörd gün davam edən və gizli saxlanan danışıqlar nəticəsində İran və Səudiyyə Ərəbistanı təmsilçiləri iki ölkə arasında münasibətləri normallaşdırmaq, o cümlədən diplomatik əlaqələri bərpa etmək barədə razılığa gəliblər.
Məsələnin xüsusi diqqət çəkən cəhəti həmin razılaşmanın Çinin vasitəçiliyi ilə baş tutması olub və bu, Çinin Yaxın Şərqdə növbəti diplomatik uğuru kimi qiymətləndirilib.
Bir çox təhlilçilər, haqlı olaraq, İran-Səudiyyə Ərəbistanı razılaşmasından əsas qazanc götürən tərəfin də elə Çin olduğunu bildiriblər.
Ən maraqlısı odur ki, İranda razılaşma ətrafında aparılan geniş təbliğat kampaniyasında da Çinin rolu xüsusi qabardılır və əldə olunan razılaşma ABŞ-ın məğlubiyyəti, onun regional güc balansından kənarlaşdırılması kimi təqdim olunur. Hətta “Fəraru” analitik portalı Çinin vasitəçiliyi ilə İran-Səudiyyə Ərəbistanı münasibətlərinin bərpasını “Pekinin Vaşinqtona vurduğu şillə” adlandırıb.
“Azad İran” “Youtube” kanalının mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik:
www.102info.az