Tehranda əslən Güney Azərbaycanın Muğan bölgəsinin Parsabad şəhərindən olan fəal Zeynəb Həmrəng Seyidbəyli təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.
“Azad İran” “Telegram” kanalının məlumatına görə, bu haqda onun yaxınları məlumat yayıblar.
Onun hara aparıldığı və həbs səbəbləri barədə məlumat yoxdur.
Qeyd edək ki, müəllimlərin həmkarlar ittifaqında fəal üzvlərdən olan Zeynəb Həmrəng təhsil işçilərinin hüquqlarının qorunması tələbi ilə etiraz aksiyalarına qatıldığı üçün bundan əvvəl də saxlanılıb.
O, 2020-ci il sentyabrın 5-də Qərbi Azərbaycan əyalətinin Xoy şəhərinə səfəri zamanı təhlükəsizlik orqanları tərəfindən həbs edilib. O, “ölkənin təhlükəsizliyinə qarşı aksiya toplamaq və əlbir olmaq” ittihamına görə 5 il, “hökumətə qarşı təbliğat aparmaq” ittihamına görə isə 1 il həbs cəzasına məhkum edilib. 2022-ci il oktyabrın sonlarında şərti azadlığa buraxılıb.
www.102info.az