ABŞ aviasiyasının “ən ölümcül “F-16” pilotu”, istefada olan polkovnik-leytenant Den Hempton Ukrayna səmasını müdafiə etməyə hazır olduğunu açıqlayıb. O hesab edir ki, Ukrayna “F-16” qırıcılarını idarə etmək təcrübəsi olan əcnəbi pilotlar tapmalıdır, bu, qələbəni yaxınlaşdırmağa kömək edəcək.
Amerikalı hərbçi vurğulayıb ki, tərəfdaşlar arzulanan təyyarələri Ukrayna Silahlı Qüvvələrinə təhvil verəcəklər, ancaq ən əsası – həmin təyyarələri idarə edə bilən, qırıcılarda minlərlə saat uçuşu olan və təlimə ehtiyacı olmayan insanları tapmaqdır.
“Bu, ukraynalı pilotları ABŞ-yə təlim keçmək üçün göndərməkdən daha sürətlidir. Yenə də hökumətlər və siyasətçilər qərar verməlidirlər”, – deyə Hempton bildirib.
O hesab edir ki, ölkələrin hökumətləri problemlərini həll etsələr, Ukrayna səmasını müdafiə etməyə hazır olan kifayət qədər amerikalı pilot var.
“Hətta özüm gedəcəyəm, bir nömrə olacağam, mənə arxalana bilərsiniz!” – deyə Hempton vurğulayıb.
Xatırladaq ki, ABŞ-nin “The Politico” qəzeti həm Demokratlar, həm də Respublikaçılar partiyasından olan bir qrup senatorun “F-16” qırıcılarının ən qısa zamanda Ukraynaya təhvil verilməsini tələb edərək Ağ Evə təzyiq göstərdiyini yazıb. Onların fikrincə, belə dəstək döyüş meydanında oyun qaydalarını dəyişə bilər.
Den Hempton həyatı boyu 151 hərbi uçuş həyata keçirib. O, Fars körfəzi, Kosovo və İraqdakı müharibələrdə iştirak edib.
Mənbə: Obozrevatel
www.102info.az