“Fransanın başqa dövlətlərin daxili işlərinə qarışmağa cəhdlər etməsi qəbuledilməzdir” – RƏY + FOTO

Dünya


“Dünyada nüfuzunu itirən, beynəlxalq hüquqa hörmətsizlik edən, postmünaqişə reallıqlarını hələ də həzm edə bilməyən Fransanın başqa dövlətlərin daxili işlərinə qarışmağa cəhdlər etməsi birmənalı şəkildə qəbuledilməzdir”.

Bunu “Report”a açıqlamasında “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

O xatırladıb ki, Azərbaycan Qarabağda qazandığı tarixi Zəfərdən sonra regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərdə yeni səhifənin açılması üçün qarşı tərəfə beynəlxalq hüququn beş əsas prinsipini özündə ehtiva edən sülh müqaviləsinin imzalanmasını təklif edib.

Siyasi icmalçı vurğulayıb ki, iki ildən artıq vaxt keçməsinə baxmayaraq, Ermənistanın bu istiqamətdə konkret addımlarını, eyni zamanda, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatdan irəli gələn öhdəlikləri yerinə yetirmək üçün səylərini görmürük:

“Bu günümüzün reallıqları 30 illik işğal dövründə yaşadıqlarımızı bir daha yada salır. Dünyanın hələ də ikili standartlara əsaslanan siyasətdən yaxa qurtara bilmədiyi, bəzi dünya güclərinin belə yanaşmaların dövlətlərarası münasibətlərdə əsas faktor olan etimad mühitinin möhkəmlənməsinə mənfi təsir göstərdiyini düşünmək istəmədikləri diqqətdən kənarda qalmır”.

V.Rəhimzadə söyləyib ki, istər işğal, istərsə də postmünaqişə dövründə Fransanın Azərbaycana qarşı qərəzli mövqeyi daim geniş müzakirə mövzusu olub. Onun fikrincə, Fransa ilə Ermənistanı eyni dəyərlər birləşdirsə də, bu, hansısa bir məsələyə yanaşmada qərəz, ədalətsiz mövqe nümayiş etdirməyə əsas vermir:

“Başqa dövlətlərdən beynəlxalq hüququn norma və prinsiplərinə hörmət, demokratik dəyərlərə sadiqlik nümayiş etdirməyi tələb edən Fransanın özü bu dəyərlərdən çox uzaqdır. Fransa Prezidenti Emmanuel Makronun erməni sevgisindən irəli gələn qərəzli mövqeyi davamlılığı ilə diqqətdədir. Görünən budur ki, Fransa Azərbaycanın müstəqil siyasətini həzm edə bilmir. Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonnanın qərəzli bəyanatı da bunu təsdiq edir. Belə ki, Fransa rəsmisinin bu ölkə parlamentində çıxış edərək guya Laçın-Xankəndi yolunun bağlanması və oradakı ermənilərin humanitar-iqtisadi blokadaya alınması barədə sərsəm fikirləri qəbuledilməzdir”.

V.Rəhimzadə qeyd edib ki, Fransanın siyasətində aqressivlik özünü qabarıq şəkildə büruzə verir. Siyasi elmlər doktorunun qənaətinə görə, regionda və dünyada cərəyan edən proseslərə yanaşmalarda maraqların ədaləti və beynəlxalq hüququ üstələməsi Fransa hökumətini qərəzli mövqeyinə haqq qazandırmaq üçün bir aqressivlik nümayiş etdirməyə məcbur edir. O bildirib ki, hazırda Fransada problemlər, Makronun əleyhinə nümayişlər geniş vüsət alıb:

“Özünü “demokratiyanın beşiyi” kimi təqdim edən Fransada dinc aksiya iştirakçılarına qarşı tətbiq etdiyi zorakılıq dünya mətbuatında geniş şərh olunur. Başı bu və ya digər ölkələrin daxili işlərinə qarışmağa cəhd etməyə qarışan Fransa prezidenti yaxşı olar ki, öz ölkəsindəki problemlərlə məşğul olsun”.

YAP Xətai rayon təşkilatının sədri qeyd edib ki, artıq neçə aydır ekofəalların Xankəndi-Laçın yolunda keçirdikləri aksiyanın səbəbi hər kəsə məlumdur:

“Atdığı hər bir qərəzli addımı ilə regionda sülhün tərəfdarı olmadığını sübut edən Fransanın bu aksiyanı öz maraqlarına uyğun şəkildə təhlil etməyə cəhd etməsi müxtəlif fikirlərin yaranmasına səbəb olmaya bilməz. Prezident İlham Əliyevin beynəlxalq tədbirlərdə elə bir çıxışı yoxdur ki, bu məsələyə diqqət yönəltməsin və mahiyyətini dünya ictimaiyyətinə çatdırmasın. Reallıq budur ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə yaratmırlar. Ermənistanın, eyni zamanda, beynəlxalq hüququ, ədaləti arxa plana keçirib qərəzli yanaşması ilə diqqətdə olan Fransanın etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları, təminat avtomobillərini buraxmadıqları ilə bağlı iddiaları məqsədli şəkildə ortaya atılan dezinformasiyadan başqa bir şey deyil”.

O bildirib ki, Azərbaycan müstəqil dövlətdir və heç bir dövlətin diktəsi ilə oturub-durmur. A.Rəhimzadə söyləyib ki, Fransa ədalətin və beynəlxalq hüququn qorunmasına, hər bir dövlətin bu dəyərlərə hörmətlə yanaşmasına səy göstərməlidir:

“Amma əfsuslar olsun ki, onun özünə bu dəyərlərin aşılanmasına böyük ehtiyac vardır. Dünyada nüfuzunu itirən, beynəlxalq hüquqa hörmətsizlik edən, postmünaqişə reallıqlarını hələ də həzm edə bilməyən Fransanın başqa dövlətlərin daxili işlərinə qarışmağa cəhdlər etməsi birmənalı şəkildə qəbuledilməzdir. Azərbaycanın xarici siyasətinin prinsipləri dəyişməzdir. Belə ki, böyüklüyündən-kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı maraq və hörmət prinsipləri əsasında əməkdaşlıq əlaqələrini quran Azərbaycan heç bir dövlətin daxili işinə müdaxilə etmir və özünün də daxili işinə müdaxiləni yolverilməz hesab edir. Azərbaycan dövlətinin çağırışlarında daim bu məqam xüsusi yer alır ki, hər bir dövlət öz daxili işi ilə məşğul olub, başqalarının daxili işinə müdaxilə etməsə, dünyada sabitlik, sülh, təhlükəsizlik və əməkdaşlıq olar”.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir