İranlı keçmiş deputat rejimi kəskin tənqid edən məqalə yazıb: “Axmaqlıq və xəyanətdir” – FOTO

Dünya


“İranın yüz milyona yaxın əhalisi olan Azərbaycan və Türkiyə ilə 1 200 kilometrlik qardaş sərhədini üç milyonluq Ermənistanla 41 kilometrlik sərhədə niyə qurban verirsən?!”

“Report” “Khabarfarsi.com”a istinadən xəbər verir ki, bunu İranın keçmiş deputatı Naser Naseri Tehran rejiminin Azərbaycan Respublikasına qarşı münasibətini tənqid edən “Müharibə təbili döymək millətə qarşı (İran əhalisini nəzərdə tutur – red.) qəddarlıq və xəyanətdir” adlı məqaləsində vurğulayıb.

Məqalədə daha sonra İran hakimiyyətinin təmsilçiləri və onlara yaxın müxtəlif siyasi şərhçilərin sosial şəbəkədə yaydığı fikirlər kəskin tənqid edilib:

“Bu günlərdə müxtəlif dairələrdə və sosial şəbəkələrdə Azərbaycan Respublikasına qarşı güclü fəaliyyət göstərirlər. Azərbaycanın şiə xalqını təhqir etmək İran azərbaycanlıları arasında hiddət və qıcıq doğurur. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan xalqı arasında populyardırlar”.

Müəllif Tehran rejiminin bu hücumları “Zəngəzur dəhlizi” bəhanəsi ilə həyata keçirdiyini qeyd edib. Onun sözlərinə görə, hakimiyyətin bu mövqeyi etnik təəssübkeşliyi alovlandırır. Keçmiş deputat İran cəmiyyətinin rəyinin “Zəngəzur dəhlizi” vasitəsilə yayındırılmasına səy göstərildiyini qeyd edərək bildirib:

“Qeyd etmək lazımdır ki, Araz çayının hər iki sahilindəki insanların mədəni və etnik bağları qırılmazdır. İran azəriləri (Güney Azərbaycan türklərini nəzərdə tutur – red.) Arazın o tayında olduğu kimi, Qarabağın azadlığına da sevinirlər”.

O, Azərbaycan Prezidenti İlham Əliyevin səbirli, planlı fəaliyyət göstərdiyini vurğulayaraq yazıb:

“Görkəmli siyasətçi, mərhum Heydər Əliyevin oğlu İlham Əliyev 17 illik səbri, hazırcavablığı, düzgün idarəçiliyi və düşünülmüş siyasəti ilə Azərbaycanı təkmilləşdirməklə, inkişaf etdirməklə yanaşı, hərbi qüdrətini də o dərəcədə yüksəltmişdir ki, atasının vəsiyyətinə əməl edərək 44 günlük müharibədə torpaqlarını işğaldan azad etdi və ölkəsini daha yaxşı vəziyyətə gətirdi. Rusiyanın vasitəçiliyi ilə hər iki hökumət, Azərbaycan və Ermənistan razılaşdılar ki, Azərbaycanın Qarabağ ərazisində yaşayan ermənilərin Ermənistanla əlaqələri Laçın yolu vasitəsilə, Naxçıvanın Azərbaycanla, Bakı ilə əlaqəsi isə Zəngəzur dəhlizi (Stalin dövrünə qədər Azərbaycana məxsus idi) vasitəsilə qurulmalıdır. İlham Əliyevin müsbət əməlləri və böyük uğuru və ya xalqı arasında populyarlığı inkar oluna bilməz, onun həyat yoldaşı Mehriban xanım ictimai-mədəni sahədə uğurlu fəaliyyəti ilə xüsusi populyarlıq qazana bilib”.

Müəllif Tehran rejiminə bağlı qüvvələrin onlara qarşı əməllərini və təbliğatını “cəfəngiyyat” adlandıraraq bunu şər-böhtan kimi dəyərləndirib.

N.Naseri İran hakimiyyətinin “Zəngəzur dəhlizi” ilə bağlı təhdidlərinin nəticəsiz qalacağını bildirib:

“Avropa və Asiyanı birləşdirəcək, Rusiyanın imzaladığı bu layihənin tikintisini iki ölkə və dünyanın üç aparıcı gücü alqışlayıb. Ermənistanın Azərbaycan və Türkiyə ilə sülhə və danışıqlara ehtiyacı var. İran isə bu dəhlizin reallaşmasının qarşısını ala bilməz”.

O, İranda yürüdülən dar düşüncə ilə 40 milyonluq Azərbaycan türkünün sıxışdırılmasını tənqid edib:

“Bu siyasətlə onları qardaşlıq sərhədində düşmənə çevirdilər. İlham Əliyev Xudafərin körpüsünə, “Bu körpü dostluq, qardaşlıq körpüsüdür” deyəndə onlar (rejim təbliğatçılarını nəzərdə tutur – red.) silahlı fotoşəkillər yaydılar”.

Müəllif Azərbaycan Respublikasının İrandakı səfirliyinə edilən terror hücumunu da pisləyib. O qeyd edib ki, İran hakimiyyəti bu çirkin hücuma bəraət qazandırmağa cəhd göstərib. N.Naseri bu cinayət işi ilə bağlı istintaqın gedişindən xəbər olmadığını vurğulayıb.

Tehran rejiminin Azərbaycana qarşı atdığı addımları “axmaqlıq və xəyanət” adlandıran keçmiş deputat yazıb:

“Bütün axmaqlığın və ya xəyanətin əvəzini xalq ödəyir. Bu gün Astara, Biləsuvar və Araz azad zonasının vəziyyəti acınacaqlıdır.

Ermənistan yüzlərlə şiə kəndini dağıdıb, camaatını qırıb məscidləri dağıdanda səhvən Azərbaycanla müharibənin asan iş olduğunu düşünüb. Ermənilər bu vəhşiliyi edəndə dini jestlə boyun damarlarını şişirdib kobud və ədəbsiz davrananların qısqanclığı harada idi?”

Müəllif Azərbaycanın qədim şəhərlərindən biri olan İrəvandakı məsciddən də yazıb.

N.Naseri Tehran rejiminin başçılarına belə bir sualla müraciət edib:

“Milli maraqlar axtarırsınız?! O zaman 1 200 km-lik sərhəddə edə bilməyəcəyinizə qarşı 41 km-lik kiçik ərazidə nə sövdələşməsi edirsiniz?! Əmin olaq ki, qardaşlıq sərhədlərini itirməklə bu 41 km-i də itirəcəyik”.

Keçmiş deputat İran rəsmilərinin çıxışlarında Azərbaycana qarşı hədələyici çıxışları tənqid edərək vurğulayıb:

“O qədər pis, nahaq sözlər deyirsən, nalayiq ifadələr işlədirsən, ancaq İlham Əliyevdən bir yersiz söz eşitmirsən. Durun, daha bu milləti incitməyin! Narazılıq, böhran cəmiyyəti bürüdü, insanlar yoxsulluqdan, problemlərdən, müharibədən yorulub, iyrənirlər, yaşamaq istəyirlər. Müəllimlər ilin sonunda maaşlarını həmişəkindən aşağı məbləğdə alıblar. Yanlış siyasətlə orta təbəqə və işçilər yoxsullaşıblar. İnsanlar sosial problemlər içərisində boğulurlar. Siyasəti xalqın ixtiyarına buraxın ki, millət rahat nəfəs alsın. Maraqlar və inkişaf müharibə ilə əldə edilə bilməz. Ona görə də Azərbaycanla gərginliyin yaradılmasının ilk nəticəsi təvafdır”.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir