Qurban Qurbanovun arzusu: “Qarabağ” Super Liqada oynaya bilərmi?

Dünya


“Qarabağ”-“Qalatasaray” xeyriyyə oyunundan sonra Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun səsləndirdiyi fikirlər çox müzakirə olundu.

Oxu.Az xatırladır ki, təcrübəli mütəxəssis Azərbaycan və Türkiyənin liqalarının bir olmasını çox istədiyini bildirmişdi. Bu fikrinə görə Qurbanovu qınayanlar da oldu, tərəfini saxlayanlar da.

Öncə onu qeyd edək ki, baş məşqçinin belə açıqlama verməsini ilk növbədə oyunun emosionallığı, matç ətrafında yaranmış ab-hava ilə əlaqələndirmək lazımdır. Ancaq fikir hər halda müzakirə olunmalıdır.

Beynəlxalq praktikada belə nümunələr varmı?

Fərqli ölkələrin çempionatlarının birləşdirilməsinə, demək olar ki, rast gəlinmir. Uzaq keçmişdə Avstriya “Rapid”inin Almaniyada çempion olduğu dönəmi istisna etmək olar. Almaniyada nasist hakimiyyətinin olduğu dövrdə Avstriya klubları da bu ölkənin liqasında yarışırdılar. “Rapid” 2-ci Dünya müharibəsinin qızğın çağında – 1942-ci ildə çempionluq əldə etmişdi.

Yaxın keçmişdə Niderland və Belçika liqalarının birləşdirilməsi geniş müzakirə olunub. Hətta 2020-ci ildə real addımların atılması gündəmdə idi. Ancaq sonradan məsələ donduruldu. Bəzi klublar ideyanı dəstəkləsələr də, digərləri bunun əleyhinə çıxış edirdilər. “Bir liqa” tərəfdarlarının əsas arqumenti yayım gəlirlərinin artması idi.

Praktikada Azərbaycan Premyer Liqası ilə Türkiyə Super Liqasının birləşdirilməsi də çətin görünür. İlk növbədə, hüquqi prosedurlar olduqca irihəcmlidir. Digər tərəfdən, Türkiyədə futbol mühiti amansız və aqressivdir. Nəinki Super Liqa, heç aşağı liqa klubları özlərinə “kənardan” rəqib istəməzlər.

Azərbaycan təmsilçilərinin də heç də hamısı bu ideya ilə razılaşmaz. Elita klublarının əksəriyyəti dövlətin ayırdığı maliyyə ilə mövcudluğunu qorumağa çalışır. Onların Super Liqa və ya Türkiyənin daha aşağı səviyyəli çempionatlarında çıxış etməsi mövcud imkanlarla az qala mümkünsüzdür. Əlbəttə, mümkün birləşmə klublar üçün əlavə maliyyə imkanları aça bilər, ancaq bunu da əminliklə iddia etmək olmaz.

Bəlkə, “Qarabağ” Super Liqada yarışsın?

Bunun icrası daha asan prosesdir. Mütəxəssislər Ağdam klubunun Avropada daha irəli gedə bilməməsini çox zaman Azərbaycan çempionatının səviyyəsinin aşağı olması, rəqabətsizliklə əlaqələndirirlər. Komandanın daha böyük liqada yarışması həm özünün daha güclü olmasına səbəb olar, həm də yerli futbolçular inkişaf edərlər. Bu, yekunda ölkə futbolunun dirçəlməsinə səbəb olar.

Beynəlxalq təcrübədə başqa ölkənin çempionatında mübarizə aparan klublara rast gəlmək mümkündür.

“Monako” Fransa Liqa 1-də yarışır. Şəhər-dövlətin futbol federasiyası var, ancaq FIFA və UEFA-ya üzv deyil. Monakoda yalnız həvəskar liqalar keçirilir. “Monako” klubu beynəlxalq arenada Fransanı təmsil edir.

Maraqlı nümunələrdən biri İsveçrədə yarışan Lixtenşteyn klublarıdır. Lixtenşteyndə milli çempionat yoxdur. Ölkənin klubları İsveçrənin aşağı liqalarında yarışırlar. Onların ən məşhuru “Vaduts”dur. Komanda İsveçrənin II Liqasında çıxış edir. “Qonaq komanda” Super Liqaya vəsiqə qazana bilər, ancaq orada mükafatçılar sırasına düşsə belə, ölkəni avrokuboklarda təmsil etməyəcək (hərçənd, ən yaxşı nəticə, onsuz da, səkkizinci pillə olub – red.). Əvəzində Lixtenşteyndə kubok yarışı keçirilir və ölkənin peşəkar klubları orada yarışırlar. Kubokun sahibi Çempionlar Liqasında çıxış etmək hüququ qazanır.

Avropada bəzi kiçik klubların digər ölkələrin liqasında yarışması ilə bağlı digər nümunələr də var. “San-Marino Kalço” İtaliyanın, “Andorra” İspaniyanın aşağı liqasında çıxış edirlər. Skandinaviya ölkələrində də oxşar nümunələr mövcuddur.

Maraqlı məqamlardan biri İngiltərə və Uels arasındadır. “Suonsi”, “Kardif” kimi Uels mərkəzli klublar İngiltərə liqalarında yarışırlar. Onlar hətta kuboklar da qazanıblar. Ancaq beynəlxalq arenada Uelsi təmsil edə bilməzlər. Bu klublar rəsmən İngiltərənindir. Əvəzində İngiltərə mərkəzli TNS Uels çempionatında yarışır. Ölkənin ən titullu klubu olan komanda avrokuboklarda da məhz Uelsi təmsil edir.

Okeanın o tayında da oxşar nümunəyə rast gəlmək mümkündür. Kanadanın bir neçə klubu ABŞ liqalarında yarışır. Onlardan ən məşhurları – “Toronto”, “Monreal” və “Vankuver Uaytkaps” MLS-də çıxış edirlər. Lakin bu komandalar da İsveçrə-Lixtenşteyn nümunəsində olduğu kimi, beynəlxalq arenada ABŞ-ni təmsil edə bilməzlər və ölkənin kubok yarışında çıxış etmirlər. Onlar Kanadanın kubok turnirində çıxış edirlər və beynəlxalq miqyasda Kanada bayrağı altında yarışırlar.

Belə nümunələr kifayət qədərdir. Hər birində oxşarlıqlar olsa da, orijinal qaydaların mövcudluğu da diqqət çəkir.

Gələcəkdə məhz “Qarabağ”ın da Türkiyə Super Liqasında yarışmaq variantı ortaya çıxsa, təəccüblənməməliyik. Qurban Qurbanovun emosional təklifinin, arzusunun alt qatlarında bu ideya da dayana bilər. Beynəlxalq təcrübədə o da bəlli həqiqətdir ki, daha güclü liqada oynayan klublar ölkələrinin kubok yarışlarında bir baş üstün olurlar. “Qarabağ”ın Azərbaycan Premyer Liqasında “tək ayaqla” çempionluqları, rəqabətsiz mühitdə inkişaf edə bilməməsi kimi amillər bu ideyanı ərsəyə gətirə bilər. Ancaq əlbəttə, heç kim klubu birbaşa Super Liqaya götürməyəcək. Belə bir hal yaşanarsa, komanda aşağı liqalardan başlamalıdır.

Yeri gəlmişkən, son zamanlar Türkiyə və Azərbaycanın futbol müstəvisində də yaxınlaşması ilə bağlı addımlar atılır. Hazırda iki ölkənin federasiyaları arasında futbolçuların legioner sayılmaması ilə bağlı aktiv şəkildə müzakirələr aparılır. Kuluarlarda gəzən söz-söhbətlərə görə, yaxın gələcəkdə, hətta ola bilsin, növbəti mövsümdən bu, ilk dəfə tətbiq olunacaq.

Faiq Tahirov

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir