Belçika və Almaniya polisi 2019-cu il Avropa Parlamenti seçkilərində korrupsiya ilə bağlı araşdırma çərçivəsində Aİ-nin ən böyük qeyri-milli partiyası olan Avropa Xalq Partiyasının Brüsseldəki qərargahında yoxlamalar aparır.
Bu barədə hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat verilib.
Bildirilib ki, reyd partiyanın “Rue du Commerce” küçəsindəki qərargahının birinci və üçüncü mərtəbələrində keçirilir.
İlkin məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları kompüterləri müsadirə ediblər. Qərargah polis tərəfindən mühasirəyə alınıb.
Avropa Xalq Partiyası Brüsseldəki mənzil-qərargahındakı yoxlamalar barədə xəbərləri təsdiqləyib.
“Belçika və Almaniya polisinin nümayəndələri partiyanın Brüsseldəki qərargahına baş çəkiblər. Onların səfəri Türingiyada (Almaniya) davam edən istintaqla bağlı olub”, – partiyanın bəyanatında deyilir.
Qeyd edək ki, Türingiyadakı iş 2019-cu il seçkilərində Avropa Xalq Partiyasının rəqəmsal kampaniyasının keçirilməsi üzrə müqavilələrin paylanmasında korrupsiya halları ilə bağlı iddialardan irəli gəlir. O zaman Almaniya Xristian Demokratik İttifaqından (Angela Merkel və Ursula fon der Lyayenin partiyaları – red.) alman deputat Mario Foyqt həmin kampaniyanın aparılmasına cavabdeh olub.
Brüssel polis dairəsinin rəsmi nümayəndəsi hələlik baş verənlərlə bağlı şərh verməyib. Əgər xəbərlər polis tərəfindən təsdiqlənərsə, bu, Avropa Parlamentində ötən ilin payızından bəri Belçika hüquq-mühafizə orqanlarının təşəbbüsü ilə korrupsiya ilə bağlı ikinci genişmiqyaslı araşdırma olacaq.
Mənbə: TASS
www.102info.az