İran parlamentinin Azərbaycanın İsraildə səfirlik açmasına “mollavari reaksiyası” – RƏY + FOTO

Dünya


“İran parlamenti Azərbaycanın İsraildə səfirlik açmasına “mollavari reaksiya” verib və əbalı təxribatçılar Azərbaycan səfirinin “Qüdsün işğalçı rejiminə gətirilməsini pisləyiblər”. Nəzərinizə çatdırım ki, bu mənasız kağız parçasının hətta adı belə beynəlxalq normaların azı üç – dövlətlərin daxili işinə qarışmamaq, dövlətlərin bir-biri ilə əməkdaşlıq etməsi və dövlətlərin suveren bərabərliyi prinsipinin pozuntusudur”.

Bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

O bildirib ki, Azərbaycan suveren dövlət kimi özünə tərəfdaş, müttəfiq seçməkdə sərbəstdir:

“İran isə heç bir formada bu məsələdə söz sahibi deyil. İran İsrail-Azərbaycan münasibətlərini hədəfə almaqla dövlətlərin əməkdaşlıq öhdəliyi, o cümlədən BMT Nizamnaməsinin birinci maddəsinin 2-ci bəndinin məqsədləri üçün təhdid yaradır. Bundan başqa İran Azərbaycanın xarici siyasət kursuna burnunu soxmağa cəhd etməklə bütün ümumtanınmış dövlətlərin bərabərhüquqlu beynəlxalq subyekt olması faktını arxa plana keçirməyə cəhd edir”.

Onun sözlərinə görə, bəyanatla terror rejiminin deputatları ilk növbədə iddia edirlər ki, “Azərbaycanın Qüdsü işğal edən sionist rejimin mərkəzində səfirlik açması İslam dünyasının mənafeyinə ziddir”:

“Bu bəyanatı imzalayan 210 “ağıllı” hər şeydən öncə başa düşməlidir ki, İran islam dövləti deyil və onların İslam dünyası adından danışmağa haqqı yoxdur. Əks halda, ən azı özünün qonşularından heç deyilsə bir İslam dövləti ilə normal münasibət olardı.

Necə olur ki, İran 30 il işğal altında qalan Azərbaycan torpaqlarında məscidləri, ziyarətgahları, Məhəmməd ümmətinin qəbirlərini dağıdan Ermənistana fasiləsiz hərbi-siyasi, maddi-mənəvi kömək edəndə, işğala, təcavüzə açıq dəstək verəndə, məscidləri donuz damına çevirənlərə arxa duranda, ərazilərimizə diversantlar, hərbi dəstələr göndərəndə bu, İslam mənafelərinə zidd olmurdu, amma işğalın, təcavüzün qarşısında qətiyyətlə mövqe tutan, Azərbaycanın haqq işinə açıq dəstək verən İsraildə səfirlik açmaq İslam mənafelərinə zidd olur? Bəs təcavüzkar Ermənistanda geniş tərkibli missiya ilə səfirlik açarkən, habelə postmüharibə dövründə, münasibətlərin həssas dönəmində isə Qərbi Zəngəzurda – Qafanda konsulluq açaraq hədyan bəyanatlar verərkən islami dəyərlər İranın yadına niyə düşmürdü? Məzlum fələstinlilərin haqlarından danışan molla parlamentinin “islam təəssübkeşliyi” bəs 30 il ərzində bir milyondan artıq müsəlman yurd-yuvasından didərgin düşəndə harada idi?

Utanmadan bizi “məzlum fələstinlilərin qətli və cinayətində sionist rejimin şəriki” hesab edən İran bilmirmi ki, bütün dünya müsəlmanları əslində elə İranın özünü Ermənistanın işğal ortağı sayır. İşğal dövründə Qarabağ və Şərqi Zəngəzurdakı evləri, məscidləri talan edib daşlarına qədər bazarlarda satmaq, qüdrətli Azərbaycan Ordusu işğala son qoyarkən isə buna açıq aqressiya göstərmək işğal ortağı olmaq deyilmi? Biz dostluqdan danışarkən Araz boyu hərbi təlimlər keçirmək İranın “din qardaşlığı”nınmı göstəricisi idi?

“Ərəb və İslam hökumətlərindən, İslam dünyasından Azərbaycanın İsraildə səfirlik açmasını qınamalarını xahiş edən” İran parlamenti hansı üzlə İslam dünyasına müraciət edir? Tehran hələ də anlamayıbmı ki, bütün müsəlman aləmi üçün İran dağıdıcı və bölücü radikal terror dövləti kimi tanınır?”

Deputat vurğulayıb ki, Azərbaycan ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərməyi ali niyyət kimi bəyan edib:

“Müstəqillik tariximizdə də biz bu ali niyyətimizə həmişə sadiq qalmışıq. İrandan fərqli olaraq terror təşkilatları və qruplaşmaları, işğalçı və təcavüzkarlarla yox, sağlam mövqeli beynəlxalq subyektlərlə xalqlarımızın və dövlətlərimizin qarşılıqlı maraqları naminə əməkdaşlıq və tərəfdaşlıq etmişik. Bu mənada tərəfdaşlarımızı seçərkən hər il terror planlarına 20-30 milyard pul ayıran Tehranın bizə yol göstərməyə nə hüququ, nə də mənəvi haqqı yoxdur. İndi parlamentin bəyanatında müəyyən addımlar atacaqları barədə sərsəm sayıqlamalara gəlincə, əllərindən nə gəlir etsinlər, görək nə bacarırlar, yaxud baxaq onların səsinə səs verəcək bir islam ümməti olacaqmı?”

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir