“Azərbaycanın iki hissəsini – Naxçıvan Muxtar Respublikası və ölkənin qalan hissəsini quru yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi layihədə iştirak edən bütün ölkələrin əhəmiyyətli iqtisadi artımına töhfə verəcək”.
Bunu “Report”a açıqlamasında politoloq, Qazaxıstanın Tətbiqi Etnosiyasi Araşdırmalar İnstitutunun direktoru Talqat Kaliyev deyib.
Onun sözlərinə görə, Zəngəzur dəhlizinin əhəmiyyətini qiymətləndirməmək mümkün deyil. “Orta Dəhliz adlandırılan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişaf etdirilməsi kontekstində Zəngəzur dəhlizinin bu marşruta daxil edilməsi Çin və Mərkəzi Asiyadan Avropaya yüklərin tranzit daşınması müddətini xeyli azaldacaq. Dəhliz Türkiyə sərhədinə birbaşa yol açacaq”, – Talqat Kaliyev deyib.
“Bu, Orta Dəhlizin ötürücülük qabiliyyətini, oradan yüklərin daşınması sürətini kəskin şəkildə artıracaq, həm də layihənin bütün tərəfləri üçün əhəmiyyətli iqtisadi effekt əldə etməyə kömək edəcək”, – deyə institutun direktoru bildirib.
“Qazaxıstan hər zaman qardaş Azərbaycanın ərazi bütövlüyünün bərpasına tərəfdar olub və bu məsələdə hər hansı irəliləyiş sözsüz ki, bizi sevindirir”, – deyə T.Kaliyev söyləyib.
www.102info.az