Vyananın zəngin tarixi memarlığı: Taun üçün ucaldılmış abidələr, Süleymandan “qalan” kilsə – REPORTAJ + FOTO

Dünya


Vyana ona görə Avropa mədəniyyət və incəsənətinin beşiyidir ki, dünyaya Motsart, Bethoven, II Ştraus, Haydn kimi bəstəkarlar, Klimt, Şile, Kokoşka kimi rəssamlar bəxş edib, mədəniyyətin qatilinə çevrilən Hitler kimi bir diktator belə, burada sənət arxasınca qaçıb, incəsənət arzularını reallaşdırmağa çalışıb. Vyana, bəlkə də, yeganə yerdir ki, orada kilsəyə, muzeyə, saraya baxanda təkcə qədimilik yox, dinclik də tapırsan. Şəhərə hər gün yüzlərlə turist səfər etdiyi halda, adamlar səssiz, maşınlar siqnalsız, küçələr isə küysüzdür. Amma təbii ki, bu səssizlik şəhərin mərkəzi hissələrinə, xüsusilə də Müqəddəs Ştefan Kafedralı ətrafına şamil olunmur. Çünki Vyanaya gələn birinin kafedralı görmədən qayıtması haradasa mümkünsüz olduğu üçün onun çevrəsi Avstriya paytaxtında insan sıxlığının ən çox yaşandığı ərazidir.

Kafedralı məşhur edən isə bir tərəfdən onun tarixi, Vyananın Roma-Katolik arxiyepiskopluğunun mərkəzi hesab edilməsi və arxiyepiskopun burada oturmasıdırsa, digər tərəfdən də xariqüladə görünüşü və Avropanın ən hündür kilsələrindən biri olmasıdır. Təməli 1137-ci ildə atılan və 1578-ci ildə tikintisi tam başa çatan kilsə qotika memarlıq üslubunda əhəngdaşı ilə inşa edilib. Bugünkü qaramtıl görüntüsünə isə hava çirkliliyi hesabına sahib olub. Uzunluğu 105, eni isə 40 metr olan ibadət evinin dörd qülləsi var. Bunlardan ən hündürü cənub qülləsidir, uzunluğu 136 metr təşkil edir. İmperator fərmanına uyğun olaraq, keçmiş Avstriya-Macarıstan torpaqlarında heç bir qüllə ondan daha hündür inşa edilməyib. Oraya 11-i kafedralın əsas qüllə zəngi olmaqla ümumilikdə 13 zəng quraşdırılıb. Qüllənin şpilinə isə Avstriya imperiyasının baş rəmzi sayılan qartal fiquru yerləşdirilib.

Kafedralın görüntüsünü zənginləşdirən detallardan biri də çoxrəngli kirəmitli damıdır, ornamentlər o dərəcədə uğurlu alınıb ki, uzaqdan kilsənin üzərinə xalça sərildiyini düşünürsünüz. Kafedralın əsas girişi Div Qapısı adlanır və həmin hissə də müxtəlif ornamentlər, eləcə də inamı, ümidi, sevgini ifadə edən neoqotik heykəllərlə bəzədilib. Ümumiyyətlə, kilsənin dörd bir tərəfində hər biri xüsusi məna daşıyan müxtəlif heykəltəraşlıq nümunələri ilə rastlaşmaq mümkündür. Biz məkanda olarkən orada ayin icra olunurdu. Pasxa səbəbilə ziyarətçilərin sayı normaldan iki dəfə çox idi. Və ziyarətçilərinin əksəriyyəti asiyalılardan ibarət idi. Avstriya tarixinin bir çox mühüm hadisələrinə şahidlik etmiş məkanda onların iştirakı ilə dualar oxunur, şamlar yandırılır, Tanrı ilə bağ qurulurdu.

Ştefan kafedralından ayrıldıqdan sonra Vyananın digər məşhur ibadət evi olan Müqəddəs Çarlz kilsəsinə üz tutduq. Barokko memarlıq üslubunun şah əsəri, dünyanın ən mühüm barokko kilsəsi hesab edilən bu məkan 1713-cü ildə taun epidemiyası zamanı Habsburq imperatoru VI Çarlzın verdiyi anda görə tikilib. Belə ki, imperator epidemiya sona çatarsa, Müqəddəs Çarlz Borromeoya həsr olunmuş kilsə tikəcəyini vəd edib. Epidemiya sonlandıqdan sonra isə imperator vədinə əməl edərək kilsənin tikintisiylə bağlı göstəriş verib.

Kilsənin ən diqqətçəkən xüsusiyyəti onun hündürlüyü 70 metrdən çox olan və Müqəddəs Çarlz Borromeonun həyatından səhnələri əks etdirən gözəl freskalarla bəzədilmiş günbəzidir. Kilsənin interyeri, tavanı, freskalı divarları da eyni dərəcədə göz oxşayır. Kilsədə qızılı işıq şüaları ilə əhatə olunmuş Müqəddəs Çarlz Borromeonun heykəlinin yerləşdiyi hündür mehrab isə xüsusilə heyrətamizdir. Mehrabın hər iki tərəfində spiral sütun yerləşir ki, həmin sütunlar Yerusəlimdəki Süleyman məbədinin sütunlarını təmsil edəcək şəkildə dizayn olunub və onların müalicəvi gücə malik olduğuna inanılır.

Taun epidemiyasına toxunmuşkən qeyd edim ki, Avropanın ikinci böyük çayı olan Dunay çayı üzərində yerləşən Vyana Şərq və Qərb arasında əsas ticarət qovşağı olduğuna görə müxtəlif dövrlərdə bu xəstəlikdən əziyyət çəkib. Hətta “qara ölüm”lə ilk dəfə XIV əsrdə üzləşib. Lakin xəstəlik ən geniş şəkildə 1679-80-ci illərdə yayılıb. 76 minə yaxın insan epidemiya səbəbilə həyatını itirib. Taun Vyanada artıq o qədər yayılmış bir xəstəlik halına gəlibmiş ki, digər Avropa şəhərlərində onu “Vyana ölümü” adlandırmağa başlayıblar. Kilsədən də görüldüyü kimi, taun Vyanada təkcə sosial həyata yox, şəhərin mədəniyyətinə, memarlığına da ciddi təsir göstərib. Hətta 1693-cü ildə şəhərin mərkəzi küçələrindən olan Qrabendə barokko üslubunda Taun Sütunu inşa edilib. Ancaq turistlərin Vyana tarixinin bu keşməkeşli dövrü haqqında məlumatlandırılmasında təkcə bu abidə yox, şəhərin bir çox muzey və abidələri mühüm rol oynayır. Ümumiyyətlə, Vyana tarixən baş vermiş bədbəxt hadisələrin belə sənətə köçürüldüyü bir şəhərdir. Burada küçələrdə müxtəlif dövrlərdə mənfi və müsbət bir çox hadisəni xatırladan memarlıq nümunələri ilə rastlaşmaq olduqca təbiidir.

Belə abidələrdən biri də Sovet Müharibə Memorialı və ya Qırmızı Ordu Qəhrəmanları Abidəsidir. 1945-ci ildə Vyana faşist Almaniyasından azad edilən vaxt həlak olmuş 17 min Qızıl Ordu əsgərinin xatirəsinə Şvartsenberqplatz meydanında ucaldılıb. Memorial əlində bayraq tutan sovet əsgərinin böyük heykəlindən ibarətdir. İkinci Dünya müharibəsi zamanı Sovet İttifaqı ilə Avstriya arasındakı tərəfdaşlığın mühüm simvoludur. Soyuq müharibə dövründə iki tərəf arasında gərginlik və siyasi fikir ayrılıqları yaşanmış olsa da, abidə sökülməyib. 2014-cü ildə isə onun altında gizli otaq aşkarlanıb. Otağın müharibə vaxtı sovet əsgərləri tərəfindən komanda mərkəzi kimi istifadə edildiyi güman edilir.

Vyana elə bir şəhərdir ki, orada həmişə bu kimi yeni həqiqətlər tapmaq olar. Avstriyalı yazıçı və jurnalist Karl Kraus Vyananı həyat haqqında şeir adlandırırdı. Küçələrində gəzdikcə mədəniyyətin, sadəcə, daş-divarda yox, adamlarının təbiətində də təcəssümünü gördükcə, tarixini öyrəndikcə Vyananın tez əzbərlənən bir şeirdən daha artıq olduğunu, bəlkə də, dəfələrlə oxumaq istəyəcəyiniz romana bənzədiyini görürsünüz.

“Report” İnformasiya Agentliyi

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir