“Belə çağırışlar kağız üzərində qalır və real nəticə vermir”

Dünya

Ekspertlərin fikrincə, təklif qeyri-real və populist siyasi çağırışdır.
Pakistanın baş naziri İmran Xanın müsəlman dünyasında birliyin möhkəmləndirilməsi zərurəti ilə bağlı verdiyi bəyanat günlərdir müzakirə olunur. Artıq onun bəyanatına ilk dəstək də gəlib. İran məsələyə mövqeyini ifadə edib. Cənub qonşumuzun Pakistandakı səfiri Seyid Məhəmməd Əli Hüseyni urdu dilində twitter səhifəsində bunları yazıb: “Baş nazir İmran Xanın müsəlmanların maraqları və birliyi ilə bağlı söylədiklərini dəyərləndiririk və dəstəkləyirik”.
Pakistanın baş nazirinin bu bəyanatının indiki mərhələdə həyata keçməsinin mümkün olub-olmadığı, eyni zamanda bu çağırışa digər müsəlman dövlətlərindən dəstək verilib-verilməyəcəyi yönündə fərqli mövqelər səslənməkdədir. Xüsusilə İranın məsələyə həssaslıqla yanaşması daha çox müzakirələr sırasındadır.
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov məsələnin reallaşacağına inanmır: “Öncəliklə onu qeyd etmək lazımdır ki, bu, ilk belə çağırış deyil. Müxtəlif dövrlərdə buna bənzər çağırışlar olub. Burada əsas məsələ o deyil ki, bu kimin tərəfindən səslənir. Əsas olan odur ki, ortada bir nəticə olsun. Bundan əvvəlki təcrübə onu göstərirdi ki, belə çağırışlar kağız üzərində qalır və real nəticə vermir. Bu, dediyim kimi, yeni bir ideya deyil. Gözləyək, bəlkə indiki mərhələdə hansısa əsaslar olacaq və real yaxınlaşma, ya da əməkdaşlığın daha yüksək səviyyəyə çıxmasına nail olmaq cəhdi uğurlu nəticələnəcək. Doğrusu, buna inanmıram. Çünki dövlətlərin mövqeyi əsasən siyasi və iqtisadi maraqların üzərində qurulmuş bir şəkildə formalaşır. Burada din əsas rol oynamır. Hesab edirəm ki, indiki çağırış da təəssüflər olsun ki, real nəticə verməyəcək”.
Sabiq nazir birlik çağırışına İranın ilk verdiyi reaksiyaya da aydınlıq gətirdi: “İran müxtəlif vaxtlarda bu cür təşəbbüslərlə çıxış edib. Bu baxımdan rəsmi Tehranın cəhdləri yeni deyil. Sadəcə olaraq, din məsələsini daha qabarıq şəkildə göstərmək istəyir. Siyasi və iqtisadi maraqlar dünyada fərqlidir, o cümlədən İslam ölkələri arasında. Dediklərimi nəzərə alaraq, bir daha bildirirəm ki, bu təşəbbüsdə yeni nəsə görmürəm”.
Siyasi yazar Kənan Rövşənoğlu da eyni fikirdədir: “Pakistan böyük müsəlman dövlətidir. Onun belə bir çağırış etməsi normaldır. Üstəlik, Pakistan nisbətən ”kənarda” yerləşən ölkə olduğu, müsəlman ölkələri arasında münaqişələrə tarixən qarışmadığı üçün bu cür barışdırıcı rolu həyata keçirməsi realdır. Amma bu daha çox populist siyasi çağırışdır. Reallıqla əlaqəsi yoxdur. İrana hazırda düşdüyü vəziyyətdə bu cür siyasi birlik və yaxınlaşma həddən artıq vacib olduğu üçün bu çağırışa dərhal dəstək verib. Amma məlumdur ki, bu, indi real deyil, daha doğrusu, səmimi birlik real deyil. Birincisi, Pakistan böyük ölkə olsa da, hazırda iqtisadi problemləri olan və Səudiyyə Ərəbistanı kimi dövlətlərdən maliyyə yardımı alan bir ölkə kimi onun birləşdirici, barışdırıcı rol alması mümkün deyil. İkincisi, hazırda müsəlman ölkələri arasındakı ciddi ixtilaflar onların yaxın zamanda barışmasını mümkünsüz edir. Suriya, Yəmən, Liviya münaqişələri çox dərin bir fikir ayrılığının nəticəsidir. Əgər Suriyada İran və Türkiyə qarşı-qarşıya gəlirsə, Liviyada qarşı-qarşıya gələn Türkiyə və Səudiyyə Ərəbistanı, Misir və BƏƏ-dir. Yəməndə isə İran və Səudiyyə Ərəbistanı faktiki olaraq mandat müharibəsi aparır. Bu münaqişələrin isə tezliklə həll olunması real deyil. Əslində dövlətləri din üzərindən deyil, maraqları üzərindən barışdırmaq daha realdır. Din məsələsi ortaya gələndə ixtilaflar daha da dərinləşir. Məsələn, İslam Əməkdaşlıq Təşkilatı mövcud olduğu 51 il ərzində hər hansı bir siyasi problemi köklü şəkildə həll edə bilməyib. Buna görə də bu çağırışdan elə də ciddi nəticə gözləməyə dəyməz”.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir