Böyük Britaniya, ABŞ və Avropa İttifaqı İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, İran Silahlı Qüvvələrinin elit hissəsi) dörd üzvünə qarşı sanksiyalar tətbiq edib.
Onlar insan haqlarının pozulmasında iştirak etdikləri və ya bu məsələdə köməklik göstərdikləri üçün məhdudiyyətlərə məruz qalıblar.
Sanksiyalar siyahısının yenilənmiş versiyası Böyük Britaniya Xarici İşlər Nazirliyinin saytında dərc olunub. Bu barədə İsveçin Avropa İttifaqı (Aİ) Şurasındakı nümayəndəliyinin “Twitter” hesabında məlumat verilib.
SEPAH komandiri Məhəmməd Nəzər Əzimi “Kirmanşah əyalətində etirazları qəddarcasına yatırtdığına görə”, SEPAH-ın Qərbi Azərbaycan əyalətindəki bölməsinin komandiri Həbib Şahsavari “Məhabadda və Piranşəhrdə etiraz aksiyalarının yatırılmasına görə”, SEPAH-ın Markazi əyalətindəki komandiri Möhzən Kərimi “etirazların qəddarcasına yatırılmasına görə” və SEPAH-ın “Kərbəla” əməliyyat bazasının komandiri Əhməd Kadem “Xuzestan əyalətinin İze şəhərində etirazların yatırılmasına görə” sanksiyalar siyahısına daxil edilib.
Tətbiq olunan sanksiyalar Böyük Britaniyada maliyyə aktivləri aşkar edilərsə, onların dondurulmasını, həmçinin Böyük Britaniyaya girişin qadağan edilməsini nəzərdə tutur.
“İran rejimi İran xalqının vəhşicəsinə repressiya edilməsinə və qan tökülməsinin bütün dünyaya yayılmasına görə məsuliyyət daşıyır. Məhz buna görə də biz İrana, o cümlədən də bütün SEPAH-a qarşı 300-dən çox sanksiya tətbiq etmişik”, – deyə Böyük Britaniya xarici işlər naziri Ceyms Kleverli qeyd edib.
Mənbə: TASS
www.102info.az