Niderlandın Rotterdam şəhərində müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə şahmat turniri keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Benilüks Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə “Qarabağ” idman klubunda baş tutan turnirdə Azərbaycan, türk və digər icmaları təmsil edən 5-10 və 11-15 yaşarası uşaqlar və yeniyetmələr iştirak ediblər.
Turnir iştirakçılarını və qonaqları salamlayan Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov bildirib ki, bu günlərdə xalqımız və dünya azərbaycanlıları dövlət müstəqilliyimizin bərqərar olunmasında, qorunub saxlanılmasında və möhkəmləndirilməsində misilsiz xidmətlər göstərmiş Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı müxtəlif tədbirlər keçirir. Bu baxımdan turnirin önəmli olduğuna diqqəti cəlb edib.
Dörd saat davam edən turnir nəticəsində 5-10 yaşarası qrup üzrə I yeri Cəfər Cəfərov, II yeri Ömər Emir Adsalmıs, III yeri Əmir Ələkbərov tutublar. 11-15 yaşarası qrup üzrə Mehmet Eren Tunçer (I yer), Məleykə Məmmədova (II yer) və Huseyn Bulaca (III yer) qalib adını qazanıblar.
Qaliblərə medallar, kuboklar və hədiyyələr təqdim olunub.
Qalibləri təbrik edən çıxışçılar müxtəlif icma üzvlərinin bir araya gəlməsində oynadığı müsbət rol baxımından belə turnirlərin ənənə halı almasının zəruriliyini vurğulayıblar.
www.102info.az