Son vaxtlar İranda mollalara qarşı hücumların artması keçmiş ETTELAAT (təhlükəsizlik və kəşfiyyat) naziri Əli Fəllahiyanı da vahiməyə salıb.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.
O, mollalara və cümə imamlarına qarşı təhlükə və hücumların artdığını deyib. Əli Fəllahiyan bunun qarşısının alınması üçün onları döyüş sənətləri, o cümlədən əlbəyaxa döyüş növlərini öyrənməyə çağırıb.
“Şəxsi təhlükəsizliyə diqqət yetirilməlidir. Cümə imamlarını döyüş növlərini öyrənməyə çağırıram. Onlar bilməlidirlər ki, düşmən yatmayıb və hər an onlara hücum edilə bilər”, – deyə Fəllahiyan bildirib.
Qeyd edək ki, xüsusilə son illər İranın müxtəlif yerlərində mollaların vətəndaşların şəxsi həyatına müdaxilə etmələri onların döyülməsi, bir sıra hallarda isə öldürülmələri ilə nəticələnir.
Son bir ildə ölkənin Qum, İsfahan, Tehran, Günbəd-Kavus, Zahidan bölgələrində onlarla mollaya hücum edilib və onlardan dördü həyatını itirib.
www.102info.az