Krımda polislərin sərxoş sürücünü təqib etməsi ölümlə nəticələnib.
Bu barədə İstintaq Komitəsinin Regional İdarəsi məlumat yayıb.
Məlumata görə, patrul xidməti Blijneye kəndində avtomobilin içində sərxoş olduqlarını düşündükləri iki nəfəri görüb. Onlardan dayanmalarını tələb etsələr də, sürücü sürəti artırıb.
Nəticədə polis onları təqib etməyə başlayıb. Bu zaman polis əvvəlcə xəbərdarlıq atəşi açıb, sonra isə təkərlərə atəş açmağa başlayıb. Sərxoş sürücünün idarə etdiyi avtomobil bir anda idarəetməni itirib və dirəyə çırpılaraq aşıb.
Qeyd olunur ki, sürücü başından aldığı güllə yarasından dünyasını dəyişib. Güllə avtomobilin kuzasından keçərək 55 yaşlı sürücüyə dəyib. Maşında olan digər 48 yaşlı sərnişin isə çoxsaylı bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.
İstintaq Komitəsi hadisə ilə bağlı araşdırmalara başlayıb, bir sıra ekspertizalar təyin edilib.
Mənbə: MK.ru
www.102info.az