Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini atəşə tutması vəziyyəti növbəti dəfə vəziyyəti məqsədli şəkildə gərginləşdirmək məqsədi daşıyır.
“Report” xəbər verir ki, qarşı tərəfdən açılan atəş nəticəsində Azərbaycan hərbçisinin yaralanması Ermənistanın snayperlərdən istifadə etməsini, əraziyə snayperlərin cəlb olunmasını və deməli, təxribatın məqsədli şəkildə törədildiyini bir daha sübut edir.
Əslində rəsmi İrəvanın növbəti dəfə vəziyyəti gərginləşdirməsində məqsəd Azərbaycanı hər hansı addımlara məcbur etmək, son nəticədə vəziyyəti gərginləşdirməkdə və ya guya təcavüzdə ittiham etməkdir. Ermənistan hakimiyyəti artıq neçənci dəfədir ki, bu uğursuz üsula əl atır.
Regionda yeni hərbi qarşıdurmaya çalışan Ermənistanın dərhal zərbə dronlarından istifadə etməsi əvvəlcədən hazırlanmış planın tərkib hissəsi idi.
Ermənistanın Müdafiə Nazirliyinin və onunla sinxron şəkildə Xarici İşlər Nazirliyinin çox qısa vaxt intervalları ilə ardıcıl açıqlamalar və bəyanatlar verməsi, eləcə də mövcud vəziyyət barədə yalan məlumatlar yayması təxribatın qabaqcadan planlaşdırıldığını göstərir.
İrəvanın əsl məqsədi isə tam aydındır. ABŞ-nin paytaxtı Vaşinqtonda keçirilmiş danışıqlarda Ermənistanın ağır vəziyyətə düşməsi və bu ölkənin qarşısına Azərbaycanın ərazi bütövlüyünü tanınması tələbinin qoyulması, bir sözlə, son görüşün müsbət nəticələrinin heçə endirilməsi Ermənistanın yeni təxribatının əsas səbəblərindən biridir. Hazırda İrəvan hər vəchlə diplomatiyadakı növbəti uğursuzluğunu ört-basdır etməyə can atır.
Əslində hər şey aydındır – Ermənistan rəhbərliyi Brüsseldə keçirilməsi nəzərdə tutulan görüşdə də eyni çətin vəziyyətlə üzləşəcəyini, Azərbaycanın ərazi bütövlüyünü tanıyıb-tanımaması, əgər tanıyarsa, bunu hansı çərçivədə etdiyi barədə suala birmənalı cavab verməyə məcbur olacağını çox yaxşı bilir. Məhz buna görə də İrəvan vəziyyəti gərginləşdirməklə, ənənəvi metod olan təxribata əl atmaqla vəziyyətdən çıxmağa çalışır. Lakin bu səylər nəticəsiz qalacaq. Bunu yaxın keçmişin təcrübəsi dəfələrlə göstərib.
Son hadisə rəsmi İrəvanın məqsədli şəkildə həyata keçirdiyi hərbi-siyasi təxribat idi. Elə buna görə də baş verənlərə görə tam məsuliyyət Ermənistanın üzərinə düşür.
www.102info.az