“Bir ana övladı üçün nə arzu edirsə, mən də Türkiyəmiz üçün ən xeyirlisi nədirsə, onu diləyirəm”.
Bu sözləri “Report”un Ankara bürosuna türkiyəli seçici Filiz Şimşek deyib.
Bildirək ki, bu gün Türkiyə dünyanın diqqət mərkəzindədir. Quruluşunun yüzüncü ilini tamamlayan Türkiyədə prezident və parlament seçkiləri baş tutub. “Report”un Ankara bürosunun əməkdaşı paytaxtdakı seçki məntəqələrində olub, Türkiyə vətəndaşlarının seçki prosesi ilə bağlı mövqeyini öyrənib.
Ankaranın Mamak rayonunda Ahmet Hızal ibtidai məktəbində səsverməyə gələn sakinlər seçki prosesinin sakit və rahat şəkildə keçdiyini deyirlər.
Türkiyə Ticarət Nazirliyində sürücü olaraq çalışan Ahmet Deyer bildirib ki, Türkiyədə hər zaman seçki prosesinin sakitliklə keçməsinə şahid olub: “Mən bilərəkdən saata baxdım, səsverməyə 2 dəqiqə vaxtım getdi. Əminəm ki, seçki prosesi də şəffaflıqla keçir”.
Selçuk Şahin də bir dövlət müəssisəsində çalışır. Sabah erkən saatlardan seçki məntəqəsinə gəlib səsvermədə iştirak etdiyini deyir: “Seçki prosesində hər zaman aktiv iştirak edirik və səsimizə sahib çıxmağı bacarırıq”.
Çankaya rayonu Fatma Yaşar Önen adına məktəbdə də seçici fəallığı müşahidə olunur. Çankaya sakini Mehmet Yüksel hesab edir ki, Türkiyə demokratik ölkə olduğu üçün, seçki prosesində saxtakarlıq mümkün deyil: “Cəmiyyətimiz aktivdir, hər hansı bir nöqsan müşahidə etsək, bunun qarşısını almaq üçün müvafiq addımlar atılır, buna kimsənin şübhəsi olmasın”.
21 yaşlı Muharrem Özkaranın bu seçkilərdən gözləntiləri çoxdur: “Ümid edirəm ki, hər şey çox gözəl olacaq”.
Qeyd edək ki, bu gün Türkiyədə prezident və parlament seçkiləri keçirilib. Seçkilər üzrə 64 milyon 113 min 941 nəfər seçici qeydə alınıb. Ölkə daxilindəki seçici sayı 60 milyon 697 min 843 nəfərdir. Xaricdə yaşayan 3 milyon 416 min 98 seçicinin səsverməsi isə bir neçə gün əvvəl yekunlaşıb.
Prezident vəzifəsi uğrunda 3 namizəd mübarizə aparır – “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və “Ata İttifaqı”nın namizədi Sinan Oğan.
“Cümhur İttifaqı”nda Ədalət və İnkişaf Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Böyük Birlik Partiyası, Yenidən Rifah Partiyası, Hür Dava Partiyası və Demokratik Sol Partiyası birləşib.
“Millət İttifaqı”nda Cümhuriyyət Xalq Partiyası, İYİ Partiya, Səadət Partiyası, Gələcək Partiyası, Demokrat Partiyası və Demokratiya və İnkişaf Partiyası (DEVA) təmsil olunur. “Ata” İttifaqına Zəfər, Ədalət, Ölkəm və Türkiyə İttifaqı partiyaları daxildir.
Parlament seçkiləri üzrə 36 siyasi partiyanın namizədi qeydə alınıb
www.102info.az