Banqladeşin cənub sahillərini və Myanmanın qərbini bürüyən “Mokko” siklonu rohinca qaçqınlarının kəndlərini və qaçqın düşərgələrini viran qoyub. Küləyin sürəti 150 km/saatdan çox olub.
Bu, Benqal körfəzində son 10 ildən artıq müddətə müşahidə olunan ən şiddətli fırtınadır.
Bildirilir ki, siklonun dağıdıcı təsiri Rakhayn ştatında hakimiyyət orqanları tərəfindən təqiblər altında yaşayan rohinca azlığı üçün daha fəlakətli vəziyyətə gətirib çıxarıb. İndiyə kimi 40-dan çox ölüm faktı təsdiqlənib, lakin yerli mediada 400 ölümdən danışılır. Bəzi insanlar sahib olduqları hər şeyi itiriblər.
“Bölgədə çoxlu insan fırtınadan zərər çəkib. Bəziləri qol və ayaqlarından xəsarət alıblar. Çoxu öldü. Burada gəlinimin və nəvəmin meyitlərini tapdım. Qardaşımın və oğullarımın cəsədləri isə kəndin yaxınlığında tapılıb”, – deyə siklonda zərərçəkənlərdən biri jurnalistlərə bildirib.
Rohincalar artıq öz yaxınlarını dəfn etməyə başlayıblar.
Banqladeşdən ölənlər barədə hələlik heç bir məlumat yoxdur, lakin bir milyona yaxın rohinca qaçqınının yaşadığı Koks-Bazarda dünyanın ən böyük qaçqın düşərgəsində minlərlə sığınacağın dağıldığı məlumdur.
Qeyd edək ki, rohincalar Myanmanın Rakhayn əyalətində yaşayan müsəlman etnik benqallardır. Onların əksəriyyətinin Myanma vətəndaşlığı yoxdur – 100 ildən çox Rakhayn əyalətində yaşamalarına baxmayaraq, bu ölkədə qeyri-qanuni miqrant sayılırlar. Arakanda etnik-dini zəminli münaqişənin alovlanmasından sonra 700 minə yaxın Rohinca müsəlmanı qonşu Banqladeşə qaçıb. Qaçqınların böyük əksəriyyəti kütləvi qətliamlar, zorlama halları, kəndlərin yandırılmasının şahidi olub. Törədilən hərbi cinayətlərdə Myanmalı hərbiçilərə radikal buddistlər də kömək olublar. ABŞ Myanma ordusunun Rohinca xalqına qarşı törətdiyi cinayətləri soyqırımı kimi tanıyıb.



Mənbə: Euronews
www.102info.az