“Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 28-nə təyin olunan prezident seçkisinin ikinci turunda 53%-dən çox səs toplayaraq qalib gələcək”.
Bu proqnozu Türkiyənin “Optmpar” ictimai rəyi araşdırma şirkətinin rəhbəri Hilmi Taşdemir səsləndirib. “Optmpar” mayın 14-də keçirilən səsvermənin birinci turunun nəticələri ilə bağlı doğru proqnoz verən azsaylı şirkətlərdən biridir.
“Ərdoğan seçkinin ikinci turunda əhəmiyyətli fərqlə qalib gələcək. O, 53%-dən çox səs toplayacaq”, – deyə sosioloq qeyd edib.
Onun fikrincə, müxalifət seçkidə öz imkanlarını olduğundan artıq qiymətləndirib, prosesin gedişatına dair düzgün hesablama aparmayıb, elə şüarlarla çıxış edib ki, bunların da çoxu cəmiyyət tərəfindən qəbul olunmayıb.
“Nəticədə müxalifət nəinki prezident seçkisində məğlub oldu, hətta böyük ambisiyaları olmasa da, parlamentdə belə, səs çoxluğu əldə edə bilmədi”, – deyə Taşdemir bildirib.
Xatırladaq ki, mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçirilib. Prezident seçkisinin birinci turunun nəticələrinə görə, hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan seçicilərin 49,51 faiz səsini qazanıb. Onun əsas rəqibi, müxalifətdən yeganə namizəd olan Kemal Kılıçdaroğlu 44,88 faiz səs toplayıb. Birinci turda qalib gəlmək üçün isə namizəd 50%-dən çox səs toplamalı idi, ona görə də bununla əlaqədar mayın 28-də səsvermənin ikinci turunun keçirilməsi qərara alınıb. Bu turda qalibiyyət əldə etmək üçün sadə səs çoxluğu kifayətdir.
Mənbə: Aksam.com.tr
www.102info.az