ABŞ-nin Florida ştatının qubernatoru Ron Desantis gələn həftə 2024-cü ildə prezidentliyə namizəd olmaq niyyətini rəsmən elan etməyi planlaşdırır.
Bu barədə “The Wall Street Journal” nəşri məlumatlı mənbələrə istinadən məlumat verib.
Eyni zamanda, bildirilib ki, siyasətçinin prezidentlik yarışında rəsmi iştirakını qeyd edən tədbirin təfərrüatı hələlik açıqlanmır.
Xatırladaq ki, ABŞ-də növbəti prezident seçkisi 2024-cü ilin noyabrına təyin edilib.
Respublikaçıların nümayəndəsi olan Desantis bir müddətdir ki, partiyadan namizədlik uğrunda Donald Trampın əsas rəqibi hesab olunur.
Həmçinin mart ayında “Fox News” telekanalının keçirdiyi sorğu əsasında məlum olub ki, Tramp ölkədə növbəti prezident seçkisində Respublikaçılar Partiyasından namizədliyinin irəli sürülməsi uğrunda mübarizədə öndə gedir. Mümkün namizədlər barədə ictimai rəy sorğusu göstərib ki, o, ən yaxın rəqibi Ron Desantisi iki dəfədən çox qabaqlayır. Respondentlərin 54%-i partiyadan namizəd olmaq hüququ uğrunda mübarizədə eks-prezidenti dəstəkləməyə hazırdır. Desantis üçün bu rəqəm 24% təşkil edir, qalan mümkün namizədlərin səs sayı isə 10%-i keçmir.
Daha əvvəl bildirilmişdi ki, ABŞ-nin keçmiş vitse-prezidenti Mayk Pens, ABŞ-nin BMT-dəki keçmiş səfiri və Cənubi Karolina ştatının keçmiş qubernatoru Nikki Heyli, ABŞ-nin nəqliyyat naziri Pit Buttidciç, Kaliforniya qubernatoru Qevin Nyusom da 2024-cü il ABŞ prezidentliyinə namizədliklərini irəli sürmək niyyətindədirlər.
www.102info.az