Azərbaycanın İsraildəki səfirliyi ilk dəfə Müstəqillik Günü münasibətilə rəsmi tədbir keçirib – FOTO

Dünya


Azərbaycanın İsrail Dövlətindəki səfirliyi tərəfindən İsraildə ilk dəfə olaraq Müstəqillik Günü münasibətilə rəsmi tədbir keçirilib.

Bu barədə səfirlik məlumat yayıb.

Tədbirdə İsrail Dövlətinin kəşfiyyat naziri Gila Qamliel, Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayev, İsrail Parlamentində İsrail-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Vladimir Beliak, “Yisrael Beytenu” partiyasının sədri Aviqdor Liberman, Knessetin digər üzvləri, Müdafiə Nazirliyinin baş direktoru Eyal Zamir, Rusiya Yəhudi Konqresinin vitse-prezidenti, eyni zamanda Dağ Yəhudiləri Beynəlxalq Xeyriyyə Fondunun prezidenti German Zaxaryayev, İsrail Prezidentinin və Baş nazirinin Ofisinin səlahiyyətli nümayəndələri, İsrail Xarici İşlər Nazirliyinin, habelə digər dövlət qurumlarının əməkdaşları, İsraildə akkreditə olunmuş səfirlər, şəhər merləri və vitse-merləri, universitet rektorları, aparıcı beyin mərkəzlərinin ekspertləri, media nümayəndələri, iş adamları, həmçinin İsraildəki Azərbaycan diasporunun nümayəndələri, İsrailin ictimai-siyasi xadimləri və bu ölkədə təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

Tədbir Azərbaycanın və İsrail Dövlətinin himnlərinin səsləndirilməsi ilə başlayıb. Toplantını giriş sözü ilə açan Azərbaycan Respublikasının İsrail Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri Muxtar Məmmədov qonaqları salamlayaraq iki ölkə arasında diplomatik münasibətlərin qurulmasından bəri ilk dəfə olaraq İsraildə Müstəqillik Günü ilə bağlı rəsmi tədbirin keçirildiyini diqqətə çatdırıb. Səfir M.Məmmədov ölkəmizin müstəqillik tarixi, habelə keçdiyi mübarizə yolu barədə tədbir iştirakçılarını məlumatlandırıb. Səfir M.Məmmədov əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirilən Azərbaycan-İsrail münasibətlərinin strateji səviyyəyə çatdığını diqqətə çatdırıb.

Daha sonra İsrail Hökuməti adından çıxış edən kəşfiyyat naziri Gila Qamliel yeni fəaliyyətə başlamış Azərbaycan səfirliyi tərəfindən təşkil edilmiş ilk Müstəqillik Günü tədbirində iştirak etməkdən şərəf duyduğunu ifadə edərək iki ölkə arasında münasibətlərin qarşılıqlı hörmət və etimad üzərində qurulduğunu vurğulayıb. G.Qamliel cari ilin mart ayında Prezident İlham Əliyev ilə baş tutmuş görüşünü məmnunluqla xatırlayaraq hər iki ölkənin regionda və dünyada sülhü və stabilliyi təmin etmək üçün birlikdə çalışdıqlarını ifadə edib. G.Qamliel iki ölkə arasındakı münasibətlərin inkişafında Azərbaycanda yaşayan yəhudi icmasının xüsusi rolu olduğunu qeyd edib.

Tədbirdə iştirak edən Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Fariz Rzayev qonaqları salamlayaraq 2023-cü ildə Azərbaycan Xalq Cümhuriyyətinin 105 illiyinin, habelə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinin qeyd edildiyini diqqətə çatdırıb. F.Rzayev, həmçinin, tədbir iştirakçılarına İsrail Dövlətinin müstəqilliyinin 75 illiyi münasibətilə təbriklərini çatdırıb. Nazir müavini Azərbaycan və İsrail arasında müxtəlif sahələrdə əməkdaşlığın davam və inkişaf etdiyini vurğulayaraq bu əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu bildirib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir