Ramil Şeydayevin “Qarabağ”dan ayrılacağı, demək olar, dəqiqləşib.
Sankt-Peterburq “Zenit”ində futbola başlayıb, Rusiya U-17 yığması ilə Avropa çempionluğunu əldə edən, U-19-un bombardiri olan, daha sonra Azərbaycan millisinə, səkkiz komandalı çempionatımıza qədər gəlmiş hücumçu indi də növbəti qəribəliyin astanasındadır.
Oxu.Az xəbər verir ki, 27 yaşlı oyunçu “Buriram Yunayted”lə anlaşıb. Məlumata görə, o, Tailand kəndlilərinin komandasında (“Buriram Yunayted”i daha çox əhalinin aşağı təbəqələri dəstəkləyir – red.) iki ilə 1,5 milyon avro qazanacaq.
Rusiyadan, İsraildən, Macarıstandan, hazırkı klubu “Qarabağ”dan da təklifləri olan Ramil daha yaxşı maliyyə şərtləri təklif edən asiyalıları üstün tutub.
Şeydayev karyerasının zirvəsindədir. Potensialına görə, o, indi daha üst səviyyələrdə olmalı idi. Ancaq gedişata əsasən, Ramil məhz Qurban Qurbanovun rəhbərliyi altında pikinə çatmağı bacardı.
Rusiya, Macarıstan, İsrailə getmək, ola bilsin, onun gələcəkdə daha güclü liqaya keçidinə imkan yaradacaqdı. Tailand bu variantların üstündən xətt çəkir.
Orada futbol elə də aşağı səviyyədə deyil. “Buriram Yunayted” də ölkənin ən güclüsü hesab olunur, Asiya Çempionlar Liqasında iştirak edəcək.
Lakin keçidin futbol tərəfləri barədə uzun-uzadı bəhs etmək yersizdir. Yəqin ki, Şeydayev özü bunu kifayət qədər götür-qoy edib. Ümumi təsəvvür üçün onu qeyd edək ki, liqada Azərbaycandakından çox – 16 komanda çıxış edir. Yenə bizdən fərqli olaraq, orada oyunlara kifayət qədər azarkeş toplaşır.
Hər bir halda məsələnin kökündə daha yaxşı maliyyə şərtləri dayanır.
Ramil qərarına görə azarkeşlərin qəzəbinə tuş gəlib. Həqiqətən, bu yaşda ondan gözlənilən qərbə üz tutmaq idi, şərqə yox. Tailanda köç futbolçu kimi ona nə qazandıracaq, Azərbaycan futboluna nə fayda verəcək – azarkeşlərin iradlarına haqq qazandırmaq olur.
Tailanda da gedə bilərsən, Vyetnama da, lap Nepala, Şri-Lankaya da – ancaq 30 yaşdan sonra.
Tailand, haradan baxsan, ekzotikadır. Tay dilindən hərfi tərcümədə ölkənin adı “Azad insanların vətəni” mənasını verir. Bu da səbəbsiz deyil. Tailand Cənub-Şərqi Asiyada Avropa müstəmləkəsi görməyən yeganə ölkədir.
Tailandla bağlı ən maraqlı faktlardan biri fərqli təqvim – buddist erasından istifadə etmələridir. İndi orada insanlar 2566-cı ili yaşayırlar. Başqa sözlə, Ramil sanki “zaman maşını” ilə 26-cı əsrə səyahət edir.
Təki oradan futbolumuz üçün yeniliklərlə qayıda bilsin.
Ramil Şeydayev təzadlı xarakterə malik biridir. Onun keçən il ukraynalı Luiza Filatovaya göndərdiyi mesajlar nə qədər gözlənilməz idisə, “Sumqayıt”la çempionat oyunundan sonra azərbaycanlıları “axmaq” adlandıran Şimali makedoniyalı Todor Todoroskini əzişdirməsi bir o qədər təbiidir.
Bəlkə, indi də onun üçün tənhalığa qapanmaq vaxtıdır? Tailand seçimi karyera cəhətdən, həqiqətən, tənhalıqdır.
Faiq Tahirov
www.102info.az