“Azərbaycanın Ali Avrasiya İqtisadi Şurasına üzvlüyü müzakirə mövzusu deyil”.
Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Deputat qeyd edib ki, Azərbaycan bir sıra beynəlxalq qurumlarla uğurlu əməkdaşlıq edir:
“Elə qurumlar var ki, Azərbaycan onun üzvü olmasa da, həmin qurumun üzvü olan ölkələrlə ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq əlaqələrinə malikdir. Belə qurumlardan biri də Ali Avrasiya İqtisadi Şurasıdır. Ali Avrasiya İqtisadi Şurasının mayın 25-də Moskvada keçirilən geniş tərkibdə iclasında Azərbaycan Prezidenti İlham Əliyev qonaq qismində, Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə iştirak edib. Qeyd edim ki, Azərbaycan bu quruma üzv ölkələrlə (Ermənistan istisna olmaqla) sıx iqtisadi-ticarət əlaqələrinə malik olsa da, son iclasda iştirak heç də bu təşkilata üzv olacağımız demək deyil. Yəni Prezidentin dəfələrlə bəyan etdiyi kimi, Azərbaycanın dayanıqlı və özünü təmin edən müstəqil iqtisadiyyatı var. Bu isə təbii ki, bizə müstəqil xarici siyasəti reallaşdırmağa imkan verir. Bu baxımdan qeyd etməliyik ki, tədbirdə qonaq kimi iştirak edən Azərbaycanın Ali Avrasiya İqtisadi Şurasına üzvlüyü müzakirə mövzusu deyil”.
V.İskəndərov onu da bildirib ki, öz inkişafına görə regionun lider dövləti olan Azərbaycana xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən xüsusi önəm verilir:
“Ali Avrasiya İqtisadi Şurası da bu baxımdan ölkəmizə mühüm dəyər verən qurumlardan biridir. Elə Rusiya Prezidenti Vladimir Putinin iclasdakı çıxışı zamanı “Azərbaycanın ikitərəfli formatda təşkilata (Ali Avrasiya İqtisadi Şurası) üzv ölkələrlə iqtisadi münasibətləri müntəzəm artır və bizim hamımız üçün həm Azərbaycan üçün, həm də təşkilatın hər bir iştirakçı ölkəsi üçün əhəmiyyət kəsb edir” deməsi də bunu təsdiq edir.
Prezident İlham Əliyev də iclasdakı çıxışında ölkəmizin ikitərəfli və çoxtərəfli əməkdaşlığa önəm verdiyini vurğulayıb.
Prezident çıxışında – “Biz, əlbəttə, Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə fəal qarşılıqlı əlaqələri həm ikitərəfli formatda, – biz bunu uğurla edirik, – həm də çoxtərəfli formatda möhkəmləndirmək fikrindəyik”, – deyə bildirib”.
www.102info.az