Düşənbə hava limanında AZAL-ın Bakıdan ilk reysi təntənəli şəkildə qarşılanıb – YENİLƏNİB + FOTO

Dünya


Bu gün, mayın 30-da Düşənbə Beynəlxalq Hava Limanında “Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakıdan ilk uçuşunun təntənəli qarşılanma mərasimi baş tutub.

Bu barədə AZAL məlumat yayıb.

Təyyarənin qarşılanması xüsusilə təntənəli keçib: təyyarə su tağı ilə, aviaşirkətin nümayəndələri, ekipaj və ilk reysin sərnişinləri isə çiçəklərlə qarşılanıb.

AZAL-ın ilk reysinin gəlişinə həsr olunmuş mərasimdə aviaşirkətin nümayəndələri və Tacikistan dövlətinin rəsmiləri iştirak ediblər. Onlar ölkələr arasında münasibətlərin inkişafı baxımından bu tədbirin əhəmiyyətini vurğulayıblar.

“Turizm sənayesi üçün bugünkü uçuş maraqlı bir istiqamətə işarədir. Lakin bu, təkcə turizm üçün deyil, həm də ticari-iqtisadi əlaqələrin inkişafı üçün yeni təkandır.” – deyə “Azərbaycan Hava Yolları” aviaşirkətinin icraçı direktorunun müavini Cəmil Manizadə bildirib.

Aviaşirkətin rəsmi www.azal.az saytında uçuş cədvəli haqqında daha ətraflı məlumatla tanış ola, həmçinin reyslərə aviabiletləri əldə edə bilərsiniz. Aviabiletləri AZAL-ın mobil tətbiqi vasitəsilə də əldə etmək mümkündür.

16:34

“Azərbaycan Hava Yolları” QSC-nin aşağıbüdcəli törəməsi olan “Buta Airways” aviaşirkətinin təyyarəsinin Tacikistanın paytaxtı Düşənbə şəhərinə ilk uçuşu həyata keçirilib.

Bu barədə Azərbaycanın Tacikistandakı səfirliyindən bildirilib.

Bununla əlaqədar, Düşənbə Beynəlxalq Hava Limanında keçirilən mətbuat konfransında “Buta Airways” şirkətinin direktoru Cəmil Manizadə bildirib ki, “Buta Airways”in Bakı-Düşənbə-Bakı aviareysi Azərbaycan və Tacikistan arasında turizm, biznes və iqtisadi əlaqələrin inkişafında böyük rol oynayacaq.

Azərbaycanın Tacikistandakı səfiri Əlimirzamin Əskərov, aviareysin açılışının hər iki ölkə arasında iqtisadiyyat, ticarət və mədəniyyət sahələrində əməkdaşlığa, eləcə də iki ölkə xalqlarının daha da yaxınlaşdırmasına böyük töhfə verəcəyini bildirib

Tacikistanın Turizmin İnkişafı üzrə Komitəsinin sədrinin birinci müavini Həbibulla Əmirbəyzadə diqqətə çatdırıb ki, Azərbaycan və Tacikistan arasında birbaşa uçuşların başlanması turizm sektorunda bir sıra əhəmiyyətli layihələri həyata keçirməyə imkan yaradacaq.

Qeyd edilib ki, Bakı-Düşənbə-Bakı reysi iki ölkə arasında münasibətlərin inkişafına yönələn birgə səylərin nəticəsidir. Birbaşa aviareys ölkələr arasında işgüzar əlaqələrin möhkəmlənməsinə də xidmət edəcək.

Məlumata görə, Bakı-Düşənbə-Bakı aviareysi üzrə uçuşlar həftənin cümə axşamı reallaşacaq.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir