Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun təqdimatında növbəti analitik süjet hazırlanıb.
Süjetdə Qərbi Azərbaycan türklərinin 35 ildir tapdanan bütün hüquqlarının bərpa olunmasının, vətənə dönüş prosesinin Ermənistanın demokratik, müstəqil olması halında baş tutacağı vurğulanır.
Bildirilir ki, 2018-ci ildə Ermənistanda baş verən hakimiyyət dəyişikliyi nəticəsində ölkədə demokratik rejimin yaranacağına ümid edilsə də, hakimiyyətə gələn Nikol Paşinyan və komandası Ermənistanda sabitliyə və demokratikləşməyə nail ola bilməyib, əksinə, vəziyyəti daha da ağırlaşdırıb.
Diqqətə çatdırılır ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan tərəfi Qarabağdan olan məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtması ilə yanaşı, Qərbi azərbaycanlıların da didərgin düşdükləri torpaqlarına qayıdışını, yəni repatriasiyasını gündəliyə gətirib.
Süjetdə yaranmış şəraitə uyğun olaraq Ermənistanda Rusiyaya sədaqətli olmaq uğrunda mübarizədə Nikol Paşniyanın da yer almaq istəyi bildirilir:
“Üzü Kremlə olan Ermənistan siyasətçilərinin siyahısı isə çox uzundur. Onların arasında adları daha çox hallananlar keçmiş prezidentlər Robert Koçaryan, Serj Sarqsyan, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyan və Ruben Vardanyandır. Bu baxımdan mübarizənin daha çox Koçaryan, Sarqsyan və Vanetsyan arasında getdiyi müşahidə olunur. Bu üçlüyün Rusiyanın yetirməsi olduğuna kimsənin şübhəsi yoxdur. Onların hər üçü Qərbi azərbaycanlıların doğma yurda qayıdışına Ermənistanın məğlubiyyəti kimi baxır. Əslində isə, bu qayıdış, zamanın gerçəkliyi olmaqla yanaşı, bu ölkənin demokratik və iqtisadi inkişafı üçün çox önəmlidir”.
Analitik süjetdə o da diqqətə çatdırılır ki, baş verənlərə əsasən, demək olar ki, onları bir-biri ilə daha çox boğuşdurmaq isə rəsmi Moskvaya sərf eləmir: “Çünki, bu, Ermənistanda anti-Rusiya ovqatını gücləndirə bilər.
Beləliklə, bu ölkədəki hakimiyyət daxilindəki didişmələr, terrorlar və digər hadisələr Ermənistanda vəziyyətin normallaşmasına mane olur. Belə bir vəziyyət ölkənin bütün vətəndaşlarının, o cümlədən Qərbi azərbaycanlıların maraqlarına ziddir. Ona görə də Ermənistan hökuməti “demokratiya mühiti”nin yalançı görüntüsünü yaratmaq üçün boş yerə cəhdlər etmək əvəzinə, öz vətəndaşlarının aktual problemləri, o cümlədən Qərbi azərbaycanlıların qayıdışının təmin olunması barədə ciddi düşünməlidir”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Daha ətraflı Baku TV-nin süjetində:
www.102info.az