Ukrayna Prezidenti Volodimir Zelenski “Avropa siyasi birliyi” 2-ci Zirvə toplantısında iştirak etmək üçün Moldovaya səfər edib.
O, bu gün səhər saatlarında Bulboaka kəndində tədbirin keçirildiyi Mimi qalasına gələn ilk dövlət başçısı olub.
Qeyd edək ki, bundan əvvəl “Kommersant” öz mənbələrinə istinadla Ukrayna Prezidenti Volodimir Zelenskinin sammitdə iştirak edə biləcəyi barədə xəbər yayıb. Ancaq səfər barədə rəsmi açıqlama elan olunmayıb, təhlükəsizlik baxımından xəbər son ana qədər nə təsdiqlənib, nə təkzib edilib. Ümumiyyətlə, Zelenskinin bütün səfərləri məxfi saxlanılır və bu barədə məlumat, bir qayda olaraq, müəyyən bir ölkəyə getdikdən sonra görünür.
Onu da bildirək ki, sammit iştirakçılarının mühafizəsi üçün Rumıniya Daxili İşlər Nazirliyinin əməkdaşları Moldovaya yollanıblar. Təcili tibbi evakuasiya üçün Rumıniyanın SMURD xilasetmə xidmətinin iki helikopteri də Moldovaya yollanacaq və lazım gələrsə, aviasiya missiyasını yerinə yetirəcək. Moldova səmaları mayın 31-dən iyunun 2-dək yalnız “Avropa siyasi birliyi” 2-ci Zirvə toplantısında iştirak edən rəsmi nümayəndə heyətlərinin təyyarələri üçün açıq olacaq.
Sammitin əsas mövzuları enerji, təhlükəsizlik və hibrid təhdidlərlə mübarizə olacaq.
Mənbə: Moldpres
www.102info.az