Aleksandr Musiyenko: “Belqorodda baş verənlər Rusiyanın ölümcül səhvinin nəticəsidir” – Kiyevdən MÜSAHİBƏ

Dünya


Rusiya Müdafiə Nazirliyi və KİV iyunun 4-ü və 5-də Ukrayna Silahlı Qüvvələrinin artıq cəbhənin beş hissəsindən genişmiqyaslı hücuma keçdiyini bildirib. Bu məlumat Kiyevdə təəccüblə qarşılanıb. Ekspertlər yalnız bəzi istiqamətlər üzrə döyüşlərdə kəşfiyyat əməliyyatlarının aparıldığından bəhs edirlər.

Amma ümumilikdə bir neçə aydır ki, Ukrayna Silahlı Qüvvələrinin əks-hücumundan söhbət gedir. Əvvəlcə qış, sonra isə yaz hücumundan danışılırdı. İndi yay əks-hücumu məsələsi gündəmdədir və görünür ki, bu, qaçılmazdır. Bu barədə Ağ Evdə də müzakirələr gedir. Məsələn, ABŞ prezidentinin müşaviri Ceyk Sallivan əmindir ki, Ukrayna uğur qazanacaq və strateji əhəmiyyətli əraziləri qaytaracaq. Hətta genişmiqyaslı hücum üçün ilkin tarixlər də bildirilir – iyunun sonu.

Bəs Ukrayna ordusunun əks-hücum əməliyyatlarına başlaması niyə bu qədər uzun çəkdi? Oxu.Az-ın bu barədə sualını cavablandıran Ukrayna Hərbi Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Aleksandr Musiyenko ilk növbədə qeyd edib ki, artıq əks-hücumdan əvvəl hərtərəfli hazırlıqla bağlı bəzi işlərin aparıldığını demək olar.

– Məhz nəyi nəzərdə tutursunuz?

– Ukraynanın işğal olunmuş ərazilərindəki Rusiya hərbi obyektlərinə müxtəlif döyüş sursatları, o cümlədən “Storm Shadow” raketləri ilə hücumlar nəzərdə tutulur. Bunu artıq hazırlıq prosesi adlandırmaq olar. Ukrayna Silahlı Qüvvələrinin Baxmut istiqamətində, şimal və cənub cinahlarında yerli və uğurlu əks-hücum əməliyyatları gedir. Rusiya ordusunun Ukraynanın genişmiqyaslı əks-hücumuna müqavimət göstərmək qabiliyyətini azaldacaq zərbələr endirilir.

Davam edək… Əks-hücumun başlanma vaxtına gəlincə, yaz əks-hücumundan söhbət getdiyi zaman, yadınızdadırsa, Ukraynanın lazımi silahların 98%-ni aldığı barədə məlumatlar ortaya çıxmışdı. Bu barədə NATO Baş katibi Yens Stoltenberq bildirmişdi. Daha 2% qalırdı. Biz də 300 km-ə qədər uçuş məsafəsi olan “Storm Shadow” raketlərinin və ya SCALP-nin tədarükünü  gözləyirdik. Bu bizim üçün olduqca vacibdir. İndi biz onları əldə etdik və aktiv şəkildə istifadəsinə başladıq. Biz effektiv əks-hücum əməliyyatları üçün lazım olan hər şeyin tədarükünü gözləyirdik.

Bir vacib məqam var: tərəfdaşlarımız da daxil olmaqla, bütün dünya bizi izləyir. Ukrayna üçün uğurlu əks-hücum vacib əhəmiyyət kəsb edir, çünki bu, Qərb dostlarımızı bizi daha da dəstəkləməyə sövq edəcək. Bu da Ukraynanın maraqları, ərazilərin güzəştə gedilməsi və s. hesabına Rusiya ilə hansısa kompromisdən danışanların manipulyasiya məkanını bağlayacaq. Buna görə də hər şey diqqətlə nəzərdən keçirilirdi. Əks-hücumun yazdan yaya təxirə salınması bizim tərəfimizdən kifayət qədər məntiqli variant hesab olunurdu.

Əks-hücumun necə davam edəcəyinə gəlincə isə burada bir neçə variantdan danışmaq olar: ya ölkənin cənubunun azad edilməsi üçün genişmiqyaslı əməliyyatlar olacaq, ya da ölkənin şərqində və eyni şəkildə cənubunda müxtəlif istiqamətlərdə ayrı-ayrılıqda zərbələr endiriləcək.

– Yeri gəlmişkən, ukraynalılar da daxil olmaqla, bir çox ekspertlər uğurlu əks-hücum üçün “F-16” təyyarələrinə və hava dəstəyinə ehtiyac olduğunu bildirirlər. Bəs bu təyyarələr nə vaxt tədarük edilə biləcək? Üstəlik, pilotlar da hazırlıq keçməlidirlər, bu isə vaxt tələb edir, baxmayaraq ki, aviasiya mütəxəssislərinin ilk qrupları artıq ukraynalı pilotlar üçün təlim imkanları üzərində düşünürlər…

– Mən hər kəs üçün aşkar olan bir şeyi deyəcəyəm. Təyyarələr olduğu zaman hücum və ya müdafiə döyüş əməliyyatlarını aparmaq daha asan olur. Amma arzu olunanlar və real olan şeylər var ki, həmişə təsəvvürümüzdəki ideal mənzərə ilə üst-üstə düşmür. 

İdeal ssenariyə görə, əks-hücumumuz ən azı payıza qədər təxirə salınmalı idi, çünki bu tarixdən əvvəl “F-16” təyyarələrini əldə etmək ehtimalımız azdır (baxmayaraq ki, indi dəqiq vaxt barədə fikir söyləmək çətindir). Lakin aktiv əməliyyatların ləngidilməsi tərəfdaşlarımızda suallar yarada bilər.

Buna görə də ikinci variant ortaya çıxır – cəbhənin müəyyən bölgələrində əks-hücum əməliyyatlarına başlamaq və tədricən uğurları artırmaq. Təyyarələr gəldikdə isə onlar artıq əks-hücumun növbəti mərhələlərində istifadə oluna bilər. Düşünürəm ki, hadisələrin belə inkişafı daha məqbuldur.

– Amerikanın tanınmış “Politico” nəşrində bu yaxınlarda məqalə dərc olunub və orada Ukraynadakı müharibənin dondurulmuş münaqişəyə çevriləcəyi və onilliklərlə davam edə biləcəyi fikri irəli sürülüb. Ümumiyyətlə, Qərbdə belə versiyalar tez-tez dərc olunur…

– Bəli, bu ilk belə versiya deyil və bizim üçün yenilik deyil. Kimlərsə düşünürlər ki, müharibə şərti atəşkəslə başa çata, sonra isə uzana bilər. Lakin başqa bir versiya da var ki, Ukrayna hakimiyyətinin qətiyyətli mövqeyini nəzərə alsaq, heç bir atəşkəs və ya dondurulma kimi məsələ olmayacaq. Ukrayna ərazilərini işğaldan azad etmək lazımdır. Və mövqeyimizin dəyişəcəyini iddia etmək üçün heç bir əsas görmürəm. Bu gün diqqətimiz əks-hücum əməliyyatına yönəlib və bu hərbi əməliyyatın nəticələrini nəzərə almadan başqa ssenarilərdən danışmaq, sadəcə olaraq, məqsədəuyğun deyil.

– İndi isə Ukraynaya silah tədarükü ilə bağlı Qərbin mövqeyi haqqında. ABŞ-nin Avropa və Afrikadakı Komandanlığının spikeri, polkovnik Martin O`Donnell may ayında bildirib ki, Ukrayna artıq 600 növ əks-hücum silahı alıb ki, bu da dünyanın istənilən ordusundan çoxdur. ABŞ Dövlət katibi Antoni Blinken qeyd edib ki, Ukrayna əks-hücumun uğurlu olması üçün zəruri olan bütün silahları Qərbdən alıb. Pentaqon nəzərə çatdırıb ki, Co Bayden Administrasiyası Ukraynaya hərbi yardım kimi 40 milyard dollara yaxın vəsait göndərib. Hətta bundan əvvəl, aprel ayında NATO Baş katibi Yens Stoltenberq bildirmişdi ki, NATO ölkələrinin Ukraynaya hərbi yardımı artıq 150 milyard avro təşkil edib. Bu bəyanatlar barədə fikrinizi bildirərdiniz…

– Qərb tərəfdaşlarımız ardıcıl olaraq bildirirdilər və bildirməyə də davam edirlər ki, Ukraynaya, xüsusən, əks-hücum əməliyyatının həyata keçirilməsi üçün lazımi hərbi yardım göstərəcəklər. Və bu, sonrakı mərhələlərə də aiddir. Bu yaxınlarda isə NATO Baş katibi Yens Stoltenberq bildirdi ki, Avropada silah ehtiyatları tükənmək üzrədir və buna görə də hərbi-sənaye kompleksinin maliyyələşdirilməsini və istehsal proseslərini artırmaq lazımdır. Bu onu deməyə əsas verir ki, Qərb orta və uzunmüddətli perspektivdə NATO-nun da təhlükəsizliyinin təmin edilməsinin zəruriliyini anlayır və Ukraynaya lazımi dəstəyi verməkdə davam edir.

Nəyə görə Qərbdən ölkəmizə verilən silahların miqdarını və növlərini vurğulayıram? Ona görə ki, tərəfdaşlarımızın Ukraynanın müdafiə qabiliyyətini dəstəkləmək üzrə öhdəliklərini yerinə yetirdiklərini göstərmək istəyirəm. Və bu, yaxın gələcəkdə şahidi olacağımız həmin genişmiqyaslı əks-hücuma bir eyham sayıla bilər.

– Rusiyada döyüşlərin getdiyi, yaşayış məntəqələrinin ələ keçirildiyi Belqorod vilayətində baş verənlər barədə soruşmaya bilmirəm. Bəzi israilli ekspertlərin sözlərinə görə, bu, müharibənin düşmən ərazisinə köçürülməsi taktikasıdır ki, İsrail məhz bundan istifadə edir…

– … gəlin dərhal qeyd edim ki, Ukrayna Silahlı Qüvvələri Rusiya ərazisində döyüşmür. Amma təbii ki, Ukrayna Rusiyanın daxili problemlərini diqqətdə saxlayır. Və müharibənin düşmən ərazisinə köçürülməsi çox effektiv strategiyadır. Amma ən əsası başqadır – hazırda Rusiya Federasiyasının Belqorod vilayətində baş verənlər birbaşa Kremlin siyasəti ilə bağlıdır. Moskva, sadəcə olaraq, Ukraynaya qarşı müharibə ilə bağlı səhv qərarlarının bütün mənfi nəticələrini təxmin edə bilmədi.

Əslində, nə baş verir? Yalnız Rusiya Federasiyası vətəndaşlarından ibarət olan və Belqorod vilayətində kifayət qədər uğurla fəaliyyət göstərən “Svoboda Rossiyi” legionu və Rusiya Könüllülər Korpusu Rusiya hərbi müxalifətinin nümayəndələridir. Amma başqaları da var. Xatırlatmaq istəyirəm ki, hazırda Rusiya Federasiyasında müxtəlif özəl hərbi şirkətlər yaradılır və onların sayı çoxdur. Həmçinin “Vaqner”çilər də var. Beləliklə, bütün bunlar Rusiyada ciddi nəticələrə gətirib çıxara bilər ki, bu da daxili siyasi sabitliyi sarsıda bilər. Bu proseslər Ukraynaya kömək edəcəkmi? Şübhəsiz ki. Və burada bir prinsip işə düşür: “Düşmənimin düşməni mənim dostumdur”. Situasiyaya uyğun ittifaqların yaradılması hələ heç kim tərəfindən qadağan edilməyib, nə olacağına isə baxarıq. Bir daha təkrar edirəm: Belqorod vilayətində baş verənlərin hamısı Ukraynaya hücum etmək qərarına gələn Rusiya Federasiyası rəhbərliyinin ölümcül səhvinin nəticəsidir.

Nair Əliyev

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir