Sabah Çempionlar Liqasında 2022/23 mövsümünün qalibi müəyyənləşəcək.
Oxu.Az xəbər verir ki, İstanbuldakı Atatürk Olimpiya Stadionunda keçiriləcək final oyununda İngiltərənin “Mançester Siti” və İtaliyanın “İnter” klubları üz-üzə gələcəklər.
Sabahkı final orijinallığı ilə seçilir. Belə ki, həlledici oyunun iştirakçı komandaları indiyə qədər rəsmi oyunlarda qarşılaşmayıblar.
Ümumiyyətlə, “İnter” və “Mançester Siti” daha əvvəl iki dəfə üz-üzə gəliblər və hər ikisi yoldaşlıq görüşü olub. 2010-cu ildə ABŞ-də keçirilən matçda “İnter” qələbə qazanıb – 3:0. Bir il sonra İrlandiyada baş tutan oyunda isə eyni hesabla ingilislər üstün olublar. Həmin zaman qollardan birinin müəllifi olan Edin Ceko hazırda “İnter”in uğurları üçün tər tökür.
Sabahkı final “Mançester Siti”nin qitənin birinci dərəcəli futbol turnirində ikinci həlledici matçıdır. Komanda daha əvvəl 2021-ci ildə son oyuna qədər irəliləyə bilib. Lakin həmin vaxt “Çelsi”yə yenilən (0:1) “şəhərlilər” titulsuz qalıblar.
“İnter” isə üç dəfə kuboku başı üzərinə qaldırıb. “Nerazzuri” 1964-cü, 1965-ci və 2009-cu illərdə Avropanın ən güclüsü olub. Komanda kuboku İtaliyaya aparan sonuncu klubdur. Milan təmsilçisi iki dəfə də finallarda məğlubiyyətlə üzləşib. Bunlardan biri 1967-ci, digəri 1972-ci ildə olub.
“İnter” növbəti dəfə titula sahib çıxsa, bu, baş məşqçi Simone İnzaginin ilk Çempionlar Liqası kuboku olacaq. Pep Qvardiola isə həm futbolçu, həm də baş məşqçi kimi turnirdə qələbəni dadıb. O, üç finalın ikisində çalışdırdığı komandanı Avropanın ən güclüsü edib. Daha əvvəl qeyd etdiyimiz kimi, yeganə uğursuzluq 2021-ci ildə “Mançester Siti”də reallaşıb. İspaniyalı mütəxəssis titulları “Barselona”da 2009 və 2011-ci illərdə əldə edib.
2010-cu ildə isə Qvardiolanın yolunu məhz “İnter” kəsib. Həmin zaman Joze Mourinyonun baş məşqçisi olduğu İtaliya klubu “Barsa” ilə 4 dəfə qarşılaşıb. Katalonlar qrup mərhələsində bir qələbə qazanıblar, digərində heç-heçə ediblər. Yarımfinalda tərəflərin yolu yenidən kəsişib. İlk matçda “İnter” 3:1 üstün olub. “Kamp Nou”dakı cavab oyununda ispanların 1:0 hesablı qələbəsi heç nəyə yaramayıb. “İnter” finalda “Bavariya”nı (Almaniya) məğlub edərək (2:0), kuboku qazanıb.
Final öncəsi tərəflərin heyətlə bağlı ciddi itkisi yoxdur. UEFA-nın saytı komandaların ehtimal edilən start 11-liklərini paylaşıb.
“Mançester Siti”: Ederson; Kayl Uoker, Ruben Diaş, Natan Ake; Con Stounz, Rodri; Bernardu Silva, Kevin De Bruyne, İlkay Gundoğan, Cek Qriliş; Erlinq Holand;
“İnter”: Andre Onana; Matteo Darmian, Françesko Açerbi, Alessandro Bastoni; Denzel Dumfris, Nikolo Barella, Hakan Çalhanoğlu, Henrix Mxitaryan, Federiko Di Marko; Lautaro Martines, Edin Ceko.
Qeyd edək ki, “Mançester Siti” – “İnter” matçı Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Faiq Tahirov
www.102info.az