Litva mətbəxində ən önəmli yeməklərindən biri soyuq çuğundur şorbasıdır. Çuğundur, ayran, şüyüd, xiyar, yumurta kimi inqridientlərdən hazırlanan bu yemək xüsusilə yay aylarında litvalılar üçün əvəzolunmaz qidaya çevrilir. Hər litvalının vaxtaşırı evində hazırladığı, eləcə də kimisə evində qonaq edərkən süfrəsində mütləq yer verdiyi bu şorba onlar üçün o qədər əhəmiyyətlidir ki, hətta onun festivalını da keçirirlər. Elə ötən gün də paytaxt Vilnüsdə Soyuq Çuğundur Şorbası Festivalı (Pink Soup Festival) baş tutub.
Litva xalqı bu festivalla həm də yayın başlanğıcını qeyd ediblər. Günboyu davam edən festival çərçivəsində tədbirin keçirildiyi açıq məkanlarda qonaqlara şorba paylanılıb. Bununla yanaşı, şəhərdəki bütün kafe və restoranlarda çuğundur şorbasına endirimli qiymət tətbiq olunub. Mən də, öz növbəmdə, elə səhər saatlarından festival iştirakçılarından birinə çevrildim. Kənardan belə bir festivalın keçirilməsi qəribə görünsə də, litvalıların vaxtaşırı əylənməkdən ötrü bir vasitə tapdıqlarını bilən insanlar üçün bu festival əvəzsizdir. Bir gecədə çəhrayı rəngə bürünmüş şəhərdə insanların əksəriyyətinin geyimindən də bu festivalı çoxdan gözlədikləri duyulurdu. Demək olar ki, hər kəsin geyiminin müəyyən bir parçası çəhrayı rəngdə idi. Hətta iştirakçılar arasında təşkilatçıların tələblərinə əsasən, tədbirin mahiyyətinə uyğun olaraq şorbanın inqridientlərinin əks olunduğu libas geyinənlər də vardı.
Festivalın açılışı saat 12-də sürüşmə (Slip and Slide) yarışı ilə başlayıb. İki saat davam edən bu maraqlı oyunda iştirakçılar Barbakanas təpəsinin zirvəsindən sürüşərək onun ətəyində yerləşən süni şorba qabının içərisinə düşmək üçün mübarizə aparıblar. Yarışın sonunda çuğundur şorbasının kralı və kraliçası seçilib, qaliblərlə yanaşı, ikinci və üçüncü yerin sahiblərinə festival üçün hazırlanmış xüsusi hədiyyələr təqdim olunub. Saat 16 radələrində başa çatan mükafatlandırma mərasimindən sonra isə ziyarətçilərə şorba ziyafəti verilib.
Festivalı ən maraqlı edən və mətbəxlə sənətin harmoniyasını göstərən detal isə şəhərin müxtəlif hissələrində şorba mövzusunda qrafitilərin əks olunması və sonda konsertin təşkil edilməsi idi. Yeməklərini bitirdikdən sonra parkın ərazisində günəş qəbul edən insanlar üçün axşam saatlarında Litvanın elektro-musiqi qrupu olan “Leon Somov”un konserti baş tutub.


















“Report” İnformasiya Agentliyi
www.102info.az