Azərbaycan Premyer Liqasında komanda sayı dəyişdirilməyəcək.
Oxu.Az xəbər verir ki, növbəti mövsüm də 10 iştirakçı olacaq.
Ötən mövsüm elitada sonuncu olmuş “Şamaxı” I Diviziona düşəcək, aşağı liqanın qalibi “Araz Naxçıvan” isə Premyer Liqaya yüksələcək. Bir müddət əvvəl hər iki komandaya lisenziya verilməsi çaşqınlığa səbəb olsa da, AFFA reqlamentə və idman prinsiplərinə riayət edəcək.
Qurumun İcraiyyə Komitəsinin (İK) növbəti iclasının gündəliyinə də Premyer Liqada sayın dəyişdirilməsi ilə bağlı məsələnin daxil edilməməsi bunu göstərir.
İyunun 16-da keçiriləcək toplantıda İK üzvləri I Divizionda çıxış edəcək komandaları təsdiqləyəcək. Eyni zamanda yeni yaradılacaq II Divizionda yarışacaq kollektivlərin siyahısı müzakirə ediləcək.
Lisenziyalaşdırma qaydaları ilə bağlı əlavə və dəyişikliklər, Premyer Liqada əvəzetmə sayı və legioner rüsumunun müzakirəsi, futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyinatla yanaşı, gündəliyə daha bir vacib məsələ daxil edilib. Söhbət Premyer Liqa və Azərbaycan kuboku uğrunda yarışın oyunlarının yayım hüququnun klublara dövlət tərəfindən ayrılan maliyyə yardımı vasitəsilə tənzimlənməsindən gedir. İndiyə qədər yayımçı telekanal klublara heç bir vəsait ödəmirdi, bu isə onların haqlı narazılığına səbəb olurdu. Çünki dünyada klubların əsas gəlir mənbələrindən biri məhz oyunların yayım hüququdur. Güman ki, AFFA bunun üçün bir mexanizm düşünüb və iki gün sonrakı iclasda müvafiq qərar qəbul ediləcək.
Faiq Tahirov
www.102info.az