Çempionlar Liqasının (ÇL) I təsnifat mərhələsində “Linkoln”la oyuna hazırlaşan “Qarabağ” dünən Avstriya toplanışında son oyununu keçirib.
Oxu.Az xatırladır ki, Ağdam təmsilçisi Bolqarıstanın ÇSKA klubuna minimal hesabla qalib gəlib – 1:0.
Redon Cicanın yeganə qolu vurduğu qarşılaşmada “çağırılmamış qonaqlar” da olublar. Əldə etdiyimiz məlumata görə, “Qarabağ”ın ÇL-in II təsnifat mərhələsindəki potensial rəqibi olan Polşanın “Rakuv” klubunun iki məşqçisi oyunu tribunadan izləyib. Polşalı “casuslar” potensial rəqiblərinin oyunu barədə qeydlər götürüblər.
Qeyd edək ki, “Rakuv” I təsnifat mərhələsində Estoniyanın “Flora” klubu ilə qarşılaşacaq. “Qarabağ” “Linkoln”a qarşı ilk oyunu iyulun 11-də səfərdə keçirəcək.
Onu da əlavə edək ki, “Qarabağ” Avstriya toplanışını başa vurub və bu gün İspaniyaya yollanıb. Komanda iyulun 9-da Cəbəllütariqə gedəcək.
Faiq Tahirov
www.102info.az