“Ermənistanda aparılan dağ-mədən sənayesi işləri hər hansı hesabatlılığa malik deyil və heç bir şəkildə şəffaflığa riayət olunmur, eyni zamanda, ekologiya ilə əlaqədar bütün beynəlxalq standartlar pozulur”.
Bu fikirləri “Report”a açıqlamasında “Sağlamlığa xidmət” İctimai Birliyinin icraçı direktoru Pərvanə Vəliyeva deyib.
“Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları olaraq Ermənistan baş naziri Nikol Paşinyana ünvanladığımız məktubla məqsədimiz Ermənistanda aparılan dağ-mədən sənayesi işlərində ətraf mühitə ciddi zərər vurulması, ekoloji böhranla əlaqədar narahatlığımızı bildirməkdir. Biz Ermənistanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatlarının da ölkələrində baş verən ekoloji problemlərlə bağlı narahatlıqlarını bölüşürük. Ermənistanda aparılan dağ-mədən sənayesi işləri hər hansı hesabatlılığa malik deyil və heç bir şəkildə şəffaflığa riayət olunmur, eyni zamanda, ekologiya ilə əlaqədar bütün beynəlxalq standartlar pozulur. Bu da region əhalisinin hüquqlarının pozulmasına gətirib çıxarır”, – o qeyd edib.
QHT sədri bildirib ki, Ermənistanda fəaliyyət göstərən dağ-mədən sənayesi həm Cənubi Qafqaz dağlarına mənfi təsir göstərir, aşınmalara səbəb olur, həm də buradan keçən çaylara, göllərə, içməli su ehtiyatına böyük təhlükə yaradır:
“Dağ-mədən sənayesinin fəaliyyəti nəticəsində kombinatlardan daxil olan ağır metal tullantılar çayları çirkləndirir. Həmin transsərhəd çaylar Azərbaycandan, İrandan və digər qonşu ölkələrdən keçərək Xəzər dənizinə tökülür. Bununla da Xəzər hövzəsi və eyni zamanda Xəzərsahili ölkələr üçün ciddi təhlükə törədir”.
Pərvanə Vəliyeva
Onun sözlərinə görə, məktubda qeyd olunan 12 fakt ictimaiyyətə məlum olan faktlardır və dəfələrlə beynəlxalq təşkilatlar tərəfindən Ermənistana etirazlar edilib:
“Belə ki, Şınıx və Tuğut kəndlərinin sakinlərinin təsərrüfata yararlı torpaq sahələrində qanunsuz mədən işləri həyata keçirilib. Nəticədə onların torpaqları yararsız hala düşüb. Həmin kəndlilər Avropa İnsan Haqları Məhkəməsinə müraciət ediblər və həmin məhkəmə tərəfindən 2019-cu ildə Ermənistana qarşı altı qərar qəbul edilib. Qərara əsasən, Ermənistan hökuməti zərərçəkmiş kəndlilərə 69 400 avro məbləğində vəsait ödəməlidir. O cümlədən Avropa İnsan Haqları Məhkəməsi Kəlbəcərin Zod qızıl yatağında ətraf mühitə, o cümlədən Kür çayına zərər verən kombinatın fəaliyyətinə icazə verdiyinə görə Ermənistana qarşı ekoloji tarazlıq hüquqlarının pozulmasına dair qərar çıxarıb”.
“Biz Ermənistanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatlarının Nikol Paşinyana ünvanladığı 60-dan çox məktubun cavabsız qaldığını müşahidə edirik. Ekofəallar qanunsuz şəkildə fəaliyyət göstərən Amuldağ qızıl yatağının işinin dayandırılması barədə prezident administrasiyasının qarşısında piket keçiriblər. Mədən bir neçə dəfə bağlansa da, sonradan onun fəaliyyəti bərpa edilib. Həmin ekofəalların cəzalandırılması ilə bağlı xarici mətbuatda da dəfələrlə xəbərlər dərc olunub. Transsərhəd kontekstdə ətraf mühitin qiymətləndirilməsi üzrə BMT-nin Espoo konvensiyasının və Transsərhəd Çaylar Konvensiyasının tələblərinin Ermənistan hökuməti tərəfindən kobud şəkildə pozulduğunu vurğulamaq istəyirik. Adları qeyd olunan mədənlərə, əsasən, Qərb dövlətləri investisiya qoyurlar. Biz həmin dövlətləri və şirkətləri də məsuliyyətli olmağa çağırırıq və öz fəaliyyətlərini beynəlxalq norma və prinsiplərə uyğun şəkildə təşkil etməyi tövsiyə və tələb edirik”, – P.Vəliyeva vurğulayıb.
www.102info.az