İran-İsrail: Hərtərəfli “müharibə”yə hazırlıq – ŞƏRH

Dünya


İranla İsrail Yaxın Şərqdə hakimlik etmək hazırlıqlarını əyani şəkildə göstərməyə davam edirlər.

İran son bir neçə ayda regional strategiyasını həyata keçirmək üçün Livanın cənubunda, Qəzza zolağında və Suriyada bir-birilə əlaqəli olub, onu İsrailə qarşı vahid cəbhə kimi formalaşdıran müqavimət oxu yaradır.

İranın əsas proksi qüvvəsi “Hizbullah”dır, təbii ki, Tehran İsrailə qarşı birbaşa müharibəyə girmək riskini gözə almır və özünün yaratdığı, idarə etdiyi hərəkatlardan vasitə kimi istifadə edir.

İran İsraili çəkindirə, məğlub edə və məhv edə biləcəyi görüntüləri yaratmaqla özünün qüdrətini sübut etməyə çalışır, ancaq reallıq başqadır və İsrailin xüsusi əməliyyatları qarşısında Tehranın acizliyi sirr deyil.

Bundan başqa, İsrailin Qərbdəki müttəfiqləri İrana qarşı müqavimət orbitində səylər göstərir, hərçənd, nüvə danışıqlarına münasibətdə Təl-Əvivlə ABŞ arasında fikir ayrılıqları mövcuddur.

Ümumi təhlükəsizlik narahatlıqlarında İrana münasibət köklü şəkildə dəyişikliyə məruz qalmayıb, Tehran da buna cavab olaraq İsrail daxilində vaxtaşırı xaos yaradıb onu alovlandırmaqda, miqyası böyüdüb Suriya cəbhəsinə, Cənubi Qafqaz regionuna gətirməkdə iddialıdır. Ona görə Cənubi Qafqazın adını çəkirik ki, İsrail regiondakı yeni reallıqlar kontekstində özünün iştirak səviyyəsini qaldırıb.

Yaxın Şərqdə tərəflərdən hansının məyusluq burulğanına düşəcəyi, hansının yüksək profilli iddia ilə motivasiya olunacağı Livan, Suriya və İraq cəbhələrindəki vəziyyətdən asılı olaraq qalmaqdadır.

Bu nöqteyi-nəzərdən İsraillə İranın bir-birinə qarşı hərtərəfli “müharibə”yə hazırlaşacağı istisna edilmir – kim budəfəki “döyüş”dən qalib çıxsa, perspektiv üçün daha geniş planı quracaq. Fikirləşmək olar ki, tərəflər bir-birini taqətdən salmaqdan ötrü daxili çərçivələrdə də aktivlik göstərəcəklər.

Livandakı, Qəzza zolağındakı “Hizbullah” aktivliyinin İsrail daxilindəki “cəbhə xətti”nin gələcək faydası kimi nəzərdən keçirilməsi İranın cari planının İsrail daxilinə sirayət edəcək hissəsini təşkil edir.

İsrailin İranın daxilindəki gündəliyinə gəlincə, o, İranın nüvə obyektlərinə qarşı effektiv əməliyyatlar aparmağı, İran daxilindəki kəşfiyyat fəaliyyətlərini gücləndirməyi prioritet hesab edir.

İranla İsrailin bir-birlərinə qarşı həmlələri Cənubi Qafqazda da iki ölkə arasındakı mübahisələri artıra bilər.

Məlumdur ki, Azərbaycan həm öz gücü ilə, həm strateji müttəfiqi Türkiyənin resursları, həm də Qərbdəki tərəfdaşlarının dəstəyi ilə İranın Qafqazda öz ambisiyalarını həyata keçirməsinə mane olur.

İran isə özünə “dost axtarır”, Rusiyanı ən effektiv və real partnyor kimi qeyd edərək Moskvadan dəstək gözləyir.

Rusiya-İran davranışları, bu xarakterin “Hizbullah”ın ruhuna necə hopması və proseslərin Cənubi Qafqaz regionuna təsir qrafikini diqqətlə izləmək lazımdır.

Aqşin Kərimov

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir