Azərbaycanın yeniyetmə ağırlıqqaldıranı Muhəmmədəli Məmmədzadə Moldovanın paytaxtı Kişineuda keçirilən 15 və 17 yaşlı yeniyetmə oğlan və qızlar arasında Avropa birinciliyində bir qızıl və iki gümüş medal qazanıb.
Azərbaycan Ağır Atletik Federasiyasından verilən məlumata görə, Muhəmmədəli Məmmədzadə yaşı 15-ə qədər olan oğlanlar arasında 96 kq çəki dərəcəsində mübarizə aparıb.
“Göyəzən” Ağır Atletika Klubunun təmsilçisi olan atletimiz birdən qaldırma hərəkətində 117 kq-ı qaldırıb və bu hərəkətdə bütün rəqiblərini üstələyərək qızıl medal qazanıb.
Muhəmmədəli təkanla qaldırma hərəkətində də uğurlu çıxış edib. O, 138 kq-ı başı üzərinə qaldırıb və bu hərəkətdə gümüş medala sahib çıxıb.
Toplam 255 kq (117+138) nəticə göstərən Məmmədzadə yekun sıralamada da gümüş medal əldə edib.
Qeyd edək ki, Avropa çempionatı 1-10 iyul tarixləri arasında keçirilir. Yarışda 40-a yaxın ölkədən 356 atlet (165 qız və 191 oğlan) iştirak edir.
www.102info.az