Ermənistana etiraz edən güneyli fəallar dindiriliblər – FOTO

Dünya


Xudafərin körpüsü yaxınlığında, Araz çayı qırağında İran sərhədçiləri tərəfindən həbs edilən altı güneyli fəal 28 saat dindirilib.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Bildirilir ki, Mustafa Əvəzpur, Rəhim Sasani, Sədullah Sasani, Məhəmməd Mərdi, Məhəmməd Əlipur və Cəfər Noruzi adlı fəallar Ermənistanın Araz çayını çirkləndirməsi və buna görə ətraf bölgələrdə xərçəng xəstəliyinin yayılmasına etirazlarını bildirmək üçün aksiya keçirmək istəyiblər.

Artıq onların azadlığa buraxıldıqları vurğulanır.

Qeyd edək ki, Ermənistanın Metsamor Atom Elektrik Stansiyasının zəhərli tullantılarının Araz çayına axıdılması ilə bağlı dəfələrlə xəbərdarlıqlar edilib. Şərqi Azərbaycan və Ərdəbil əyalətlərində xərçəng xəstəliyinin sürətlə yayılmasından sonra bir neçə millət vəkili, həmçinin yerli rəsmilər hökumət qarşısında məsələ qaldırıb. Əhalinin və ekofəalların çoxsaylı etirazlarından sonra Parsabad və Biləsuvar şəhərlərinin İran parlamentindəki nümayəndəsi Şəkur Purhüseyn məsələ ilə bağlı danışıb. O, Ərdəbil bölgəsində “xərçəng sunamisi”nin baş verdiyini və bunun təhlükəli səviyyəyə çatdığı barədə xəbərdarlıq edib.

“Baş verənlər sübut edir ki, Ermənistanın sənaye tullantıları səbəbindən Araz çayında ağır metalların çox olması xərçəng xəstəliyinin yayılmasına səbəb olub”, – deyə millət vəkili bildirib.

Ərdəbil Tibb Elmləri Universitetinin rektor müavini Məhəmməd Cəfərzadə öz növbəsində Ərdəbilin xərçəng xəstəliyinin sürətlə yayılmasına görə İran əyalətləri arasında ilk yeri tutduğu barədə xəbərdarlıq edib.

 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir