“Əl-Cəzirə” Azərbaycan ilə Ermənistan arasında sülh prosesinə dair reportaj yayımlayıb – FOTO

Dünya


Qətərin nüfuzlu “Əl-Cəzirə” telekanalında Azərbaycan ilə Ermənistan arasında sülh danışıqlarının gedişi, həmçinin 44 günlük müharibədə Azərbaycanın Qələbəsindən sonra Qarabağda və regionda yaranmış vəziyyət barədə geniş reportaj yayımlanıb.

AZƏRTAC xəbər verir ki, reportajın əvvəlində telekanalın aparıcısı Azərbaycan ilə Ermənistan arasında münaqişənin tarixi, ölkəmizin regionda sülhün bərqərar olması və nəqliyyat kommunikasiyalarının açılması uğrunda səyləri, Laçın yolunda vəziyyət haqqında məlumat verib. O, tamaşaçıları Rusiya və Qərbin vasitəçiliyi ilə davam edən sülh danışıqları, Bakının konstruktiv mövqeyi barədə də məlumatlandırıb.

Sonra verilişin qonağı, gürcüəsilli alim Tamara Draqadze Azərbaycanın ədalətli mövqeyindən bəhs edərək bildirib ki, rəsmi Bakı sülh sazişinin beynəlxalq hüquq normaları, dövlətlərin bir-birinin ərazi bütövlüyünə və suverenliyinə hörmət etməsi əsasında imzalanmasını təklif edib. O əlavə edib ki, Ermənistan tərəfi Qarabağın Azərbaycan ərazisi olduğunu rəsmən tanısa da, İrəvan sülh danışıqlarında kifayət qədər konstruktiv mövqe tutmur.

Reportajda iyulun 15-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə üçtərəfli görüşü barədə də məlumat verilib. Aparıcı diqqətə çatdırıb ki, söhbət əsnasında Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sülh prosesi üzrə danışıqların davam etdirilməsi, sərhədlərin delimitasiyası, nəqliyyat kommunikasiyalarının açılması, Ermənistanın hərbi birləşmələrinin Azərbaycan ərazilərindən çıxarılması və qanunsuz hərbi birləşmələrin tərk-silah edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir