Şimali Kipr rəsmisi: “Azərbaycanın tərəqqisi bizi həm sevindirir, həm də ruhlandırır” – MÜSAHİBƏ + FOTO

Dünya


“Azərbaycanla ümumi dəyərlərimiz bizim üçün çox önəmlidir. Bundan əlavə, Azərbaycanın son illərdə nail olduğu tərəqqi bizi həm sevindirir, həm də ruhlandırır”.

Bunu “Report”a müsahibəsində Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Ticarət Odası başqanı (sədri) Turqay Dəniz deyib.

Həmin müsahibəni təqdim edirik:

– Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyəti arasındakı ticarət potensialını necə dəyərləndirirsiniz?

– Əvvəla, onu deyim ki, Azərbaycana səfərə gəldiyimə görə çox həyəcanlıyam. Fürsətdən istifadə edərək, qardaş Azərbaycan xalqını ürəkdən və sevgi ilə salamlayıram. Biz türk dünyasının tərkib hissəsi olaraq iki ölkə arasında əməkdaşlığı daha da inkişaf etdirməyi və bu əməkdaşlığın xüsusilə ticarət sahəsində özünü daha çox göstərməsini hədəfləyirik. Şimali Kiprlə Azərbaycan arasında ciddi ticarət potensialı var. Lakin bunun nəticəsini hələ görmürük. Biz bu istiqamətdə işləmək, əməkdaşlıq imkanlarını qiymətləndirmək, ikitərəfli ticarəti artırmaq və hər iki ölkədə investisiyaların qarşılıqlı inkişafını təmin etmək istəyirik.

İkitərəfli ticarətə nəzər salsaq, 2018-ci ildən bəri Azərbaycana heç bir məhsulumuz ixrac olunmayıb. Keçən il cüzi miqdarda istisna olmaqla, 2018-ci ildən bəri idxalın da olmadığını görürük. Biz bunu aradan qaldırmaq və iki ölkə arasında ticarəti gücləndirmək əzmindəyik, bu istiqamətdə işləməyi düşünürük. Hər iki ölkənin bir-biri ilə ticarət potensialına malik olduğuna inanırıq. Bunu kəşf etmək və dəstəkləmək lazımdır.

– Bununla bağlı yeni layihələrin həyata keçirilməsi mümkündür?

– İki ölkə arasında ticarət potensialının inkişafı üçün yeni layihələrin həyata keçirilməsinin əhəmiyyəti danılmazdır. Bununla belə, təkcə ikitərəfli ticarətə diqqət yetirmək deyil, həm də investisiya mühitinin yaxşılaşdırılması üçün hər iki ölkənin iş adamlarının qarşılıqlı əməkdaşlığının təmin edilməsi vacibdir.

– Ticarət əlaqələrini hansı sahələrdə inkişaf etdirmək üçün potensial var?

– Şimali Kiprin xarici ticarətinə baxdıqda süd məhsulları və sitrus meyvələri ən əhəmiyyətli ixrac məhsullarımız arasındadır. Şirkətlərimiz, xüsusilə, Kipr adasına xas olan mədəni və tarixi pendirimiz olan “hellim”in Avropa İttifaqı ölkələrində qeydiyyata alınması prosesinə başlayıb. Gələn il Avropa ölkələrinə “hellim” ixracını planlaşdırırıq. Bu baxımdan inanırıq ki, qardaş Azərbaycan xalqı da pendirimizə maraq göstərəcək.

Bundan əlavə, turizm, ali təhsil və daşınmaz əmlak sahələri ölkəmizdə aparıcı sektorlar sırasındadır. Ölkəmizdə xarici sərmayədarlarla bağlı qurumumuz var. Bu qurum bütün bu sahələri əhatə edir. Bu sahədə İnvestisiyaların İnkişafı Agentliyi mühüm rol oynayır. Həmin agentliyin köməyi ilə investorlara konkret təkliflər vermək mümkündür. Digər tərəfdən, ölkəmizdə turizm potensialına diqqət çəkmək istərdim. Turizm sektoru getdikcə inkişaf edir.

– Turqay bəy, Azərbaycan dünyada artıq əsas nəqliyyat qovşaqlarından birinə çevrilməkdədir. Bu prosesin ikitərəfli əlaqələrdə rolunu necə qiymətləndirirsiniz?

– Azərbaycanla ümumi dəyərlərimiz bizim üçün çox önəmlidir. Bundan əlavə, Azərbaycanın son illərdə nail olduğu tərəqqi bizi həm sevindirir, həm də ruhlandırır. Sizin dediyiniz kimi, coğrafi mövqeyinə görə mühüm yerə sahib olan Azərbaycan xarici bazarlara, xüsusən də türk dövlətlərinə çıxışda bizə nümunə ola biləcək qardaş ölkədir və başqalarından fərqlənir. Azərbaycan vasitəsilə Mərkəzi Asiyaya çıxış qazanmaq ideyası bizim üçün çox cəlbedicidir.

Şimali Kipr mühüm geostrateji mövqeyə malik olmaqla yanaşı, iqtisadi potensialı da kifayət qədər güclüdür. Kipr adasının sahillərinin 51%-nə sahib olan ölkəmiz həm də liman investisiyaları baxımından mühüm potensiala malikdir. Düşünürük ki, Azərbaycanın dənizçilik sektorunun və əlaqədar sektorların inkişafı və tərəqqisi üçün Şimali Kipr nümunə ola bilər. Ona görə də iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsinin nəzərdən keçirilməsinin faydalı olacağı göz önündədir.

– Artıq Zəngəzur dəhlizinin açılması da gündəmdədir. Beləliklə, türk dünyası fiziki olaraq birləşəcək. Bundan Şimali Kipr Türk Cümhuriyyətinin necə faydalana biləcəyini düşünürsünüz?

– Zəngəzur dəhlizinin açılması üçün həyata keçirilən işləri, prosesləri yaxından izləyirik. Təbii ki, bu dəhlizin açılmasının türk dünyası arasında əməkdaşlığı və ticarəti artıracağına, tarixi İpək yolunun dirçəldilməsinə vəsilə olacağı gözləntiləri var. Düşünürük ki, bu, kommersiya baxımından da logistik imkanları təkmilləşdirəcək.

– Pandemiya, ardınca Rusiya-Ukrayna müharibəsi Şimali Kiprin ticarət dövriyyəsinə necə təsir edib?

– Şimali Kiprin iqtisadiyyatı turizm və xidmət sektoru üzərində qurulub və inkişafın əsas istiqamətləridir. Ona görə də pandemiya prosesində böyük itkilərə məruz qaldı. Pandemiyadan öncəki göstəricilərə yalnız bu il nail olunub. Eyni zamanda, Rusiya-Ukrayna müharibəsinin də dolayı təsirləri var. Lakin pandemiyadan sonra artıq ölkəmizin iqtisadiyyatı bərpa olunmağa başlayıb. Təbii ki, müharibənin səbəb olduğu qiymət artımları Şimali Kiprə də təsir edir, ancaq Şimali Kiprdə müharibənin yaratdığı güvənsizliyə baxmayaraq təhlükəsiz mühit axtaranların sayının artdığını da görürük. Onlar həm istehlakçı, həm də yeni iş yerləri yaradan investor kimi Şimali Kipr iqtisadiyyatına töhfə verməyə başlayıblar.

– Şimali Kipr Türk Cümhuriyyətinin turizm ölkəsi olduğunu nəzərə alsaq, Azərbaycanla qarşılıqlı gediş-gəlişin daha da sadələşdirilməsi üçün konkret olaraq hansı addımlar atıla bilər?

– Birbaşa uçuşların başlanması üçün müxtəlif çətinliklər var. Xüsusilə də siyasi çətinliklər… Biz bunu bilirik. Bununla belə, Türkiyənin hava limanları ilə əlaqədar daha əlverişli nəqliyyat imkanlarının tapılması mühüm addım olacaq. Hesab edirik ki, buna heç bir maneə yoxdur. Hökumətlərimiz bu işdə iş adamlarına kömək edə bilərlər. Ötən il ölkəmizə 4 000-dən çox Azərbaycan vətəndaşı səfər edib ki, bunun daha çox olacağına ümid edirik və hədəfimiz də budur.

– Şimali Kipr Türk Cümhuriyyətinin əsas ticarət əlaqələri hansı ölkələrlədir?

– Şimali Kiprin ticarətinə nəzər salsaq, görərik ki, idxal və ixracının böyük hissəsi Türkiyə ilə həyata keçirilir. Ötən il ölkəyə idxalın 63 faizi Türkiyədən edilib. Türkiyəni 15 faizlə Avropa İttifaqı ölkələri izləyirlər. Uzaq Şərq ölkələrindən idxal isə ümumi idxalın doqquz faizini, Yaxın Şərqdən idxal isə altı faizini təşkil edir.

İxracımıza baxsaq, Türkiyə 49 faizlə birinci yerdədir. Bunu 26 faizlə Yaxın Şərq ölkələri və altı faizlə Avropa ölkələri izləyirlər. Əsas gəlir mənbəyimiz olan turizm və ali təhsil üçün dünyanın, demək olar ki, hər bir yerindən ölkəmizə insanlar gəlirlər. Turizmdə Türkiyə, Avropa və Yaxın Şərq ölkələri liderlik edirlər. Tələbələr ərəbdilli dövlətlərdən, Mərkəzi Asiya ölkələrindən və Afrikadan, həmçinin Türkiyədən gəlirlər.

– Ölkə, əsasən, hansı məhsulları idxal, hansıları ixrac edir?

– Yanacaq, nəqliyyat vasitələri, tikinti materialları, mebel və aksesuarları, dərmanlar, heyvan yemləri və toxuculuq məhsulları ötən ilin idxalında ən çox diqqəti çəkən məhsullar sırasındadır. Ötən il ixracda süd məhsulları, sitrus meyvələri, digər kənd təsərrüfatı məhsulları, hərbi sursat üstünlük təşkil edib.

– Dünyada turizmin yeni növləri yaranmaqdadır. Məsələn, sağlamlıq turizmi, ekoturizm, kənd təsərrüfatı turizmi kimi anlayışlar meydana çıxır. Bəs Şimali Kiprdə hansı sahədə inkişaf perspektivləri görürsünüz?

– Şimali Kipr öz təbiətinə və yerləşdiyi yerə görə bir çox turizm növləri üçün imkanlar təqdim edir. Xizəkdən başqa bütün növ turizm fəaliyyəti üçün imkanlarımız var. Son illərdə gündəmə gələn sağlamlıq turizmini yerində qeyd etdiniz. Şimali Kipr sağlamlıq turizmi üçün çox yaxşı xidmətlər göstərir. Yüksək inkişaf etmiş xəstəxanalarımız var. Hər növ cərrahiyyə və müalicə işləri rahat şəkildə həyata keçirilir. Amma düşünürəm ki, biz xüsusilə yaşlılara qayğı göstərmək üçün əlverişli ölkəyik. Çünki burada qış ayları çox mülayim keçir. Yaşlı insanlar çox rahat reabilitasiya oluna bilərlər. Tarixi abidələrimiz çox qiymətlidir. Roma dövründən qalan çox əhəmiyyətli strukturlarımız var. Arxeoloji cəhətdən də çox zənginik. Fikrimcə, tarixi turlar çox təsiredici ola bilər. Turizm Şimali Kiprin təbii məhsulu kimidir.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir