“Hazırda uzun müddət xaricdə oynamağı düşünürəm. Azərbaycana tezliklə qayıtmaq fikrim yoxdur. Düzdür, indidən iddialı danışmaq istəmirəm. Amma tək istəyim odur ki, özümü göstərim və daha da yaxşı yerlərə gedim”.
Bunu Sport24.az-a müsahibəsində bir müddət əvvəl Bolqarıstanın “Arda” klubuna keçən Azərbaycan millisinin üzvü Cəlal Hüseynov deyib.
Müsahibəni təqdim edirik.
– 20 yaşında karyera baxımından önəmli addım ataraq legioner həyatı yaşamağı reallaşdırdınız. Niyə məhz “Arda”, niyə məhz Bolqarıstan? Maraqlıdır, digər hansısa xarici klublar, ölkələr vardımı ki, onların təkliflərini geri çevirdiniz?
– Açığı, həmişə legioner həyatı yaşamağın arzusunda olmuşam. Azərbaycanda oynamağa başlayanda komandamıza gələn legionerləri görürdüm, bu məni daha da motivasiya edirdi. Bu səbəbdən qarşıma hədəf qoydum ki, bir gün legioner olacağam. Şükür Allaha, istəyim baş tutdu, əlimə belə bir şans düşdü, mən də onu dəyərləndirmək istədim. Başqa təkliflərə gəlincə, açığı, xaricdən real bir şey yox idi. Maraqlanırdılar, soruşurdular, bəzi yerlərdən izləyirdilər, amma tam dəqiq deyildi. Hazırkı klubum mənimlə maraqlandı, transferimi daha çox istədi, daha çox israr etdi. Biz də özümüz analiz, götür-qoy etmişdik və yekunda belə bir addım atdıq. Artıq bir aya yaxındır, buradayam. Ümumi götürsək, bəzi planlar üzərində irəliləyirik. Agentim Fuad Xəlilovla birgə planlarımız var və ona uyğun addımlar atırıq.
– Planlarınız nədən ibarətdir?
– İndi bu barədə geniş bilgi verməyəcəyəm. Ümumən iddialı danışmaq istəmirəm. Fikrimi tam olaraq vermişəm “Arda”ya. Məşqlərimə, oyunlarıma tam konsentrasiya olmuşam. İnşallah, yaxın gələcəkdə yavaş-yavaş hər şey öz yerini tapacaq və siz də bu planlardan tam xəbərdar olacaqsınız. Burada olduğumda özüm də müşahidə edirəm ki, çox yaxşı bir liqaya gəlmişəm. Həqiqətən, çox yaxşı futbolçular, komandalar var – həm fiziki, həm də taktiki cəhətdən. Buraya gəlməyimdə əsas səbəb odur ki, Bolqarıstan Avropadadır, daha çox göz önündədir. Əlbəttə, qalıb Azərbaycan Premyer Liqasında oynaya bilərdim. Bəzi maraqlar da vardı, soruşurdular ki, bizim kluba gəlmək istəyərmi? Amma Avropanı üstün tutdum. Hədəfim bununla bitmir. Həm də yaşımı da nəzərə alsaq, “Arda”ya kömək edib, özümü yaxşı göstərib, inkişaf etdirib daha yaxşı top-liqalara transfer olmaq istəyirəm. İnşallah, bu da baş verər. Bir sözlə, “Arda”ya keçməklə kifayətlənmək yox, daha da irəli getmək istəyirəm.
– Yeni komandaya, yeni ölkəyə adaptasiyan necə gedir? “Arda” böyük perspektiv vəd edən futbolçu saydığı Cəlal Hüseynovu necə qəbul etdi?
– Uyğunlaşma ilə bağlı hər şey yaxşı keçir. Düzdür, fərqli ölkə, fərqi dil, fərqli mentalitetdir. Amma ilk gəldiyim gündən istər futbolçularla məşqçilər, istərsə də rəhbərlik məni yaxşı qarşıladılar. Hamısı sağ olsunlar. Mən olduğum şəhərdə türklər çoxdur. Bu səbəbdən mənim üçün daha rahatdır. İngilis dilini bilirəm və dil problemim yoxdur. Üstəlik, rus dilini də bildiyim üçün rahatdır. Bolqar dilinə oxşardır, çalışıram ki, bu dili də öyrənim. Futbol planına gəlincə, yaxşı ki, toplanışın ilk günlərindən komandaya qoşuldum. Mənim üçün bu, müsbət hal idi. Baş məşqçi dördlü sistemdə oynayır, tələbləri başqadır. Yoxlama matçlarında da onun verdiyi tapşırıqları yerinə yetirməyə çalışırdım. Ümumilikdə mənim üçün yaxşı toplanış oldu. İlk gündən komanda ilə olmağım, bütün yoldaşlıq görüşlərində olmağım mənim üçün pozitiv hal idi. Əlimdən gələni edəcəyəm ki, əsas heyətdə öz yerimi möhkəmlədim. Buna nail olmağı çox istəyirəm.
– Çox gənc yaşında ingilis dilini bilməyiniz indi xaricdə işinizə yarayır. Bunu necə, harada öyrənmisiniz?
– İngilis dilini uşaq yaşlarımdan, orta məktəbdən bilirəm. Çox yaxşı ingilis dili müəllimim olub. Ümumən həm futbolda, həm məktəbdə yaxşı müəllimlərim olub. Bu, şanslı olmağımdan irəli gəlib. Qardaşım məndən yaşca böyük olduğu üçün o da mənə çox öyrədib. Burada öyrəndiklərimi isə A komandaya yüksələndən sonra legionerlərlə yavaş-yavaş danışmaqla təkmilləşdirmişəm.
– Bolqarıstan necə bir ölkədir, necə insanları, necə mətbəxi var? “Arda”nın təmsil etdiyi Kırcali necə bir şəhərdir?
– Məskunlaşdığımız şəhər balacadır. Dediyim kimi, çoxlu türk var. Amma yenə əsas odur ki, Bolqarıstandır. Bu şəhər futbolla, komandasıyla yaşayır. Oyunlarımıza çox sayda azarkeşlər gəlirlər. Bolqarlar, həqiqətən, çox mədəni insanlardır. İlk gəldiyim gündən bunu sezirəm: istər komandada, istərsə də futboldan kənarda. Açığı, bolqar mətbəxini çox da dada bilməmişəm. Çünki gəldiyim gündən toplanışda olduq. Bilirsiniz ki, toplanışda da yeməklər xüsusi rasionla verilir. Bu səbəbdən bolqar mətbəxini kəşf edə bilməmişəm. Amma eşitmişəm ki, dadlı mətbəxləri var.
– Futbolçu karyeranızda, tanınmağınızda “Zirə”nin baş məşqçisi Rəşad Sadıqovun böyük rolu olub. Maraqlıdır, o, bu müddətdə sizinlə əlaqə saxlayıb, işlərinizlə maraqlanıbmı, öz məsləhətlərini, tövsiyələrini veribmi?
– Əlbəttə, bu, danılmazdır ki, Rəşad müəllimin də üzərimdə çox böyük əməyi olub. Amma buraya gələnə qədər, həqiqətən, çox insanın əməyi olub. İlk olaraq ailəmi qeyd etmək istəyirəm. İlk məşqçilərim – Niyazi müəllim, Zamiq müəllimin də əməyi danılmazdır. Böyük futbola gəlib çıxmağımda, hətta deyərdim, ailəm qədər ən böyük əməyi olan məşqçim Cəfər Hüseynovdur. Hazırda elə “Zirə”də işləyir. 11 yaşımdan ilk dəfə “Bakı”ya gələndə onun yanında olmuşam. Hara gedibsə, onunla birgə getmişəm. Elə “Zirə”yə də. Ona təşəkkür etmək istəyirəm. Həmişə mənə deyirdi ki, böyük futbol oynamağını istəyirəm, məndə bu potensialı görürdü. “Zirə”yə gəlməyimdə də onun təşəbbüsü oldu, əsas komandaya yüksəldim. Bunda, əlbəttə, Rəşad müəllimin çox böyük rolu oldu, o, çox savadlı məşqçidir. Futbolun içindən gəldiyi üçün sırf meydanın daxilindəkiləri çox yaxşı bilir. Taktiki və digər amilləri kənara qoysaq, böyük futbolda meydanda nə etmək lazım olduğunu Rəşad müəllimdən öyrənmişəm. Amma hal-hazırda əlaqəmiz yoxdur, açığı, danışmamışıq.
– “Arda”da şərait necədir, bizim hansı klubla müqayisə edə bilərsiniz? Komandanızın qarşısında bu mövsüm hansı məqsədlər qoyulub? Bolqarıstan və Azərbaycan çempionatları arasında necə paralel aparardınız?
- Azərbaycanda komandalarda, həqiqətən, yaxşı şərait var. Amma burada yaxşı şeylərdən biri bazanın olmasıdır. Komanda hər gün bazada toplanır. Burada hər bir şərait var: fitnes, stadion, hamısı buradadır. Bu da bizimkilərdən fərqlidir. Düzdür, bizdə bəzi komandalarımızda baza var, amma hamısında yoxdur. Bazamızın olması bütün futbolçular üçün rahatdır. Burada məşqdən bir saat əvvəl yığışırıq. Artıq yeni mövsüm rəsmən başlayıb, ilk matçımızı tribunadan izləyirdim. Azərbaycandan əsas fərqi odur ki, burada daha çox açıq futbol gedir. Çempionatda ilk oyunumuz 3:3 hesabı ilə başa çatdı. Bizdən bir gün əvvəl oynayan güclülər dəstəsinin debütantı “Ludoqorets”i 3:1 məğlub etdi. Yəni sürprizlər çox olur. Bizim oyun da çox maraqlı keçdi. Fiziki cəhətdən daha güclü bir liqadır. Həmçinin, taktiki baxımdan da komandamız yaxşıdır. Məqsədimiz bu mövsüm ilk “altılığ”a düşməkdir. Burada çempionat fərqli sistemdə keçirilir. Yaxşı, milli komandalarda çıxış edən oyunçularımız var. Ümumi götürsək, həm yerli, həm də əcnəbi futbolçularımız yaxşı səviyyədədir. Məncə, bu komanda ilə yaxşı işlər görmək olar. Çempionat davam etdikcə hər şey daha aydın olacaq.
– İndi Azərbaycanda əsas müzakirə mövzusu işçi vizanızın olmadığına görə debüt edə bilməməyinizdir. Sizcə, bu problem əsas heyətə düşməyinizə mənfi təsir göstərə bilərmi?
– Açığı, ilk oyundan komandamın yanında olmaq, kömək etmək istəyirdim. Amma alınmadı. Azərbaycan Avropa İttifaqı ölkəsi olmadığı üçün vəziyyət bir az fərqlidir. İnşallah, bu həftə ərzində məsələ həll olunmalıdır. Biz də gözləyirik. Belə götürəndə, heç bir sıxıntı yoxdur. Mən olsam da, olmasam da, əsas komandamın qalib gəlməyini, yaxşı yerlərdə olmağını istəyirəm. Düşünürəm ki, bu həftə ərzində cavab olmalıdır və növbəti oyunda meydanda olacağam.
– Təəssüf ki, futbolçularımızın legioner həyatı uzunmüddətli olmur. Buna müxtəlif səbəblər gətirirlər – “evim, ailəm üçün darıxdım”, “klubumda baş məşqçi dəyişikliyi oldu”, “məni haqsız olaraq ehtiyata atdılar”, “Vətəndən daha yaxşı maddi təklif gəldi” və s. Siz onlardan fərqli Azərbaycandan kənarda uzun müddət oynayıb inkişaf etmək perspektivini necə görürsünüz?
– Hazırda uzun müddət xaricdə oynamağı düşünürəm. Azərbaycana tezliklə qayıtmaq fikrim yoxdur. Düzdür, indidən iddialı danışmaq istəmirəm. Amma tək istəyim odur ki, özümü göstərim və daha da yaxşı yerlərə gedim. Bəli, sabah, birigün ola bilər ki, digər futbolçularımızın başına gələnləri mən də yaşayım. Bu, həyatdır, gələcəyi bilə bilmərik. Amma yenə də əlimdən gələni edəcəyəm ki, həm Vətənimi, həm özümü, həm də ailəmi burada ən yaxşı şəkildə təmsil edim. Daha çox çalışmaqla, özümə, şəxsi, futbol həyatıma daha çox fikir verməklə xaricdə daha uzunmüddətli karyera yaşaya, uğur qazana bilərəm.
www.102info.az