“Avropanı yaşıl enerji ilə təmin etmək üçün Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi layihəsinin həyata keçirilməsi Azərbaycanın etibarlı enerji təchizatçısı kimi rolunu gücləndirəcək”.
Bunu “Trend”ə Oksford Enerji Tədqiqatları İnstitutunun (OIES) baş elmi əməkdaşı Culian Bouden deyib.
O bu layihənin iddialı olduğunu hesab edir.
“Texniki və kommersiya məsələlərini həll etmək, fiziki kabel çəkmək lazımdır. Həmçinin, bu marşrut boyunca təchizat üçün elektrik enerjisi istehsalını təmin etmək lazımdır. Əgər bütün bunlar həyata keçirilə bilərsə, o zaman bu layihə Azərbaycanın Avropa üçün etibarlı enerji təchizatçısı kimi rolunu gücləndirməyə kömək edəcək”, – deyə o bildirib.
Ümumiyyətlə, Azərbaycanın Avropanın dekarbonlaşdırılmasına verdiyi töhfədən danışan ekspert qeyd edib ki, Azərbaycan qazı Avropada kömür istehlakının azaldılmasında, beləliklə, dekarbonizasiyada rol oynayıb.
“Biz hamımız karbonsuz gələcəyə doğru gedirik və bütün ölkələr bu prosesin müxtəlif mərhələlərindədir. Azərbaycan bir növ şanslıdır ki, kömürü öz enerji balansından çıxarmaq məcburiyyətində deyil – ölkə bunu onilliklər öncə edib”, – deyə Bouden bildirib.
O, həmçinin qeyd edib ki, hazırda Azərbaycan külək və Günəş enerjisi sahəsində layihələr həyata keçirməyə başlayır, ölkənin Avropanın əsas yaşıl enerji təchizatçısı olmaq üçün hələ çox yolu var.
www.102info.az